Frankfurt beynəlxalq kitab sərgisində erməni təxribatının qarşısı alınıb.
Unikal.org xəbər verir ki, bunu apa-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib. Onun sözlərinə görə, sərginin açılışında hər il olduğu kimi, Ermənistan stendi nəzərdən keçirilir, Azərbaycanın haqlı mövqeyinə, milli tarixinə zidd təbliğatın qarşısının alınması üçün lazımi addımlar atılır: "Həmişə olduğu kimi, bu dəfə də Ermənistan stendinə baxılıb, tarixi, faktiki Azərbaycan və Türkiyə torpaqlarının Ermənistan ərazisi kimi göstərildiyi xəritələr barədə Azərbaycanın Almaniyadakı səfirliyinə məlumat verilib. Məsələ ilə bağlı Frankfurt Kitab Sərgisinin Təşkilat Komitəsi ilə Azərbaycan stendində görüş keçirilib, Azərbaycan tərəfinin etirazı komitənin diqqətinə çatdırılıb. Bu kimi halların təkrarlanmaması üçün təşkilat tərəfindən erməni tərəfinə lazımi xəbərdarlığın olunması və digər işlərin görülməsi xahiş edilib. Azərbaycan tərəfinin haqlı etirazına əsasən qeyd olunan xəritələr erməni stendindən yığışdırılıb".
V.Şixəmmədov əlavə edib ki, səfərdən öncə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Frankfurt Kitab Sərgisinin Təşkilat Komitəsinin rəhbərinə Qarabağ məsələsi ilə bağlı məktub göndərilib: "Sərginin növbəti günlərində belə təxribatların davam edəcəyi istisna olunmur, lakin bu məsələ həm nazirliyin, həm də Azərbaycanın Almaniyadakı diplomatik nümayəndəliyinin əməkdaşları tərəfindən diqqətdə saxlanılacaq".