Ermənistan növbəti dəfə "İsgəndər raketlərindən "kozır kimi istifadə edərək Azərbaycanın ünvanına hərbi təhdidlə çıxış edib.

Unikal.org xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin raket və artilleriya qoşunlarının qərargah rəisinin müavini, polkovnik Artavazd Yağmuryan bu gün jurnalistlərə bildirib ki, onlar "İsgəndər operativ-taktiki raketlərini heç kimdən icazə almadan tətbiq edə bilərlər.

Polkovnik Yağmuryanın sözlərinə görə, "İsgəndər raketləri ilk dəfə sentyabrın 21-də hərbi paradda nümayiş olunsa da Ermənistan ordusunun silahlanmasına daha əvvəl daxil olmuşdu və aprel döyüşləri zamanı döyüş hazırlığı vəziyyətinə gətirilmişdi.

"İsgəndərlərin tətbiq olunması ilə bağlı heç bir problemimiz yoxdur. Bu raketləri tətbiq etmək üçün Moskvadan icazə almaq məsələsinə gəldikdə isə xatırladıram ki, aprel döyüşləri zamanı bizim bölmələrimiz artıq döyüş hazırlığı vəziyyətinə gətirilmişdi və erməni rəhbərliyi qərar qəbul etsəydi istənilən an zərbə endirə bilərdik-Yağmuryan deyib.

Erməni polkovnikin sözlərinə görə, hələ bu raketləri almazdan əvvəl onları idarə etmək üçün ekipajlar formalaşdırıldı və təlim keçmək üçün Rusiyaya göndərildi. "Onlar poliqonda sınaqlardan dərhal sonra kompleksləri qəbul etdilər-Yağmuryan bildirib.

Erməni polkovnikin sözlərinə görə, aprel döyüşlərində "İsgəndər komplekslərinin döyüş hazırlığı vəziyyətinə gətirilməsindən Bakı da xəbərdar idi.