Novruz bayramının yaxınlaşması ilə əlaqədar paytaxt bazarlarında qiymətlərin nisbətən bahalaşması hiss olunur.
Unikal.org xəbər verir ki, APA TV-nin bazarlarda keçirdiyi monitorinqin nəticəsində məlum olub ki, daha çox meyvələrin qiymətində artım var. Ən populyar, ən əlçatan və ən xeyirli meyvələrdən biri olan almanın qiyməti xeyli bahalaşıb. Ötən həftə xalq arasında "məclislik", "süfrəlik" adlanan keyfiyyətli alma sortlarının bir kiloqramı maksimum 1 manatdan satılırdısa, indi qiymətlər 1,50 manat olub. Bazarlarda yerli almalardan "Fuje", "Simerinka", "Şafran", "Napoleon", "Palmet" sortları üstünlük təşkil edir. Yerli məhsul bol olduğundan iş adamları üçün xaricdən alma gətirmək cəlbedici deyil. Bu səbəbdən almanın qiyməti xarici məhsulla rəqabətə görə deyil, tələbin artıb-azalmasına görə formalaşır. Novruz çərşənbələrinin başlaması ilə bazarda meyvələrə tələb artıb, bu isə qiymətlərin bahalaşmasına təsir göstərib. Bazarda digər meyvələrin qiymətində də artım var. Armud 2 manat, narıngi 1,80, portağal 2 manat, yerli heyva 2,50 manat, nar 1,80 manatdır. Ümumilikdə meyvələrin qiymətində 20-30 faiz artım hiss olunur. Satıcılar bayramla əlaqədar kənd təsərrüfatı yarmarkaları fəaliyyətə başladıqdan sonra qiymətlərin yenidən ucuzlaşacağını deyirlər. Tərəvəzlərin qiymətində artım olsa da, nəzərə çarpacaq dərəcədə deyil. Tovuz, Şəmkir, Cəlilabad və Qusarda becərilmiş kartofun qiyməti ötən həftəyə nisbətən 5-10 qəpik bahalaşıb. Hazırda bu bölgələrdən gətirilmiş məhsulların qiyməti 70-80 qəpik arasında dəyişir. Gədəbəy kartofu bol olmasa da, qiyməti 1 manatdan başlayır. Ötən həftəyə nisbətən bazarlarda xaricdən gətirilmiş kartof məhsulları çoxluq təşkil etmir. Soğanın qiyməti isə 60-70 qəpik arasında stabilləşib. Artıq dördüncü həftədir ki, soğanın qiymətində dəyişiklik yoxdur. Kələmin 3 kiloqramı 1 manata, yerkökünün bir kiloqramı 60-80 qəpiyə satılır. Tərəvəzlər arasında ən çox bahalaşan yerköküdür. Göyərtilərin qiymətində isə əməlli-başlı ucuzlaşma var. Bu, yeni məhsulun çıxması və bazarda göyərti məhsullarının bollaşması ilə izah olunur. Məhsulun bol olması pərakəndə qiymətlərin topdansatış qiymətləri ilə əvəzlənməsi ilə nəticələnib. Hazırda bazarlarda göyərtinin bir dəstəsi 10 qəpikdən satılır. Fevralın ortalarından piştaxtalarda peyda olan tərxunun dəstəsi isə 70 qəpikdir, yəni ötən həftəki qiymətdən 1 manat ucuzdur. Bazarlarda mal əti, qoyun əti və toyuq ətinin qiymətində dəyişiklik yoxdur, balıq məhsullarının qiyməti isə bahalaşıb. Satıcılar bunu məhsulun az olması və bayramla əlaqədar tələbatın daha da artması ilə izah edir. İlin əvvəlindən kiloqramı 4 manata satılan xanı balığının 1 kilosu hazırda 5 manatdan satılır. Sazan, kütüm, kefal balıqlarının qiymətində də 1 manat artım var. Yeganə ucuzlaşan məhsul xaricdən idxal olunan somon balığıdır. Ötən həftə kiloqramı 15 manata satılan bu balığın qiyməti 13 manatadək ucuzlaşıb. Unutmayın, marketoloqlar bayram ərəfəsində bazarlığı ara günlərdə və axşam saatlarında etməyi məsləhət görür. Bu zaman siz eyni keyfiyyətdə olan meyvə-tərəvəzi daha ucuz qiymətə ala bilərsiniz. Süfrəniz bərəkətli olsun!