Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə keçirilib.

Unikal.org lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xatirə Ramazonava dindirilib. 

O, ifadəsində Mehriban Hüseynova ilə 17 ildir rəfiqəlik etdiyini deyib: "Mənim 8-ci mikrorayonda kafem var. Tarixi yadımda deyil, Mehriban zəng elədi ki, məni rəfiqəmgilə apar. Maşınım vardı. Dedim, gündüz vaxtı aparım, dedi ki, gecə gedək, məni izləyirlər. Razılaşdım. Mehribanın rəfiqəsi gilə getdik. Yolda mənə dedi ki, İlhaməgildə onun sumkasını pulunu əlindən alıblar. Bir dəfə də gecə vaxtı zəng elədi ki, vəziyyətim ağırdır, bizə gəl. Getdim ki, Mehribanı ayağından bıçaqlayıblar. Dedim, nolub, dedi, üstümə şər atıblar, İlhamə Quliyeva məni bıçaqlayıb. Gözümə inana bilmədim, çünki Mehriban İlhaməyə çox yaxşı baxırdı".

Şahid bildirib ki, Mehribanla gecə evə gələn zaman onları mühasirəyə alıblar: "Mehribanı evə gətirirdim. Məhəllələrinə çatanda arxamızca bir qara maşın gəldi. Dayandı, Mehriban dedi ki, bizi izləyiblər. Qorxdum. Qapını bağladıq. Maşından iki nəfər oğlan düşüb biz tərəfə gəldi. Baxdım ki, biri İlhamənin oğlu Orxan, biri isə dostu Vüqardı. Əllərində dubinka vardı. Qapını dağıdırdılar ki, açın. Biz 102-ə zəng vurduq. Mehriban işi aparan müstəntiqə zəng elədi. Müstəntiq ona dedi ki, mənə niyə zəng eləmisiz. Bizi ölümlə hədələyirdilər. Birdən ağlıma gəldi ki, maşının siqnalını basım. 10-15 dəqiqə dayanmadan siqnalı basdım. Birdə gördüm ki, qara maşından bir qadın biz tərəfə gəlir. Həmin qadın İlhamə Quliyeva idi. Bizə çatanda maşının qapısını çırpdı ki, qapını açın, Mehribanı öldürəcəm. Camaat gəldi. Onlar qaçdılar. Sonra bölmədən gəldilər. Bizi evə qaldırdılar. Həmin günü Mehribanın üstünə 3-4 dəfə təcili yardım gəldi. Mən də pis qorxmuşdum. Fikirləşirdim, Mehribanı öldürəcəklər, sonra mənim boynuma qoyacaqlar".

Xatirə Ramazanova deyib ki, Mehriban heç vaxt kiminsə puluna tamah salmayıb: "İlhaməni ən əziz adamı kimi saxlayırdı. Dəfərlərlə zəng edirdim ki, gəl görüşək, deyirdi, İlhamə xəstədi, ona baxıram".
Proses noyabrın 1-də davam edəcək.

Qeyd edək ki, mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İlhamə Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.