Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramil Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Unikal.org-un qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

R.Mirzəyevin vəkili Vasif İsrafilov məhkəmədə çıxış edərək müdafiə etdiyi şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın verilməsini xahiş edib.

Məhkəmə kollegiyasının hökmü ilə R.Mirzəyevə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, R.Mirzəyev 2010-cu ildə telefon vasitəsilə tanış olduğu Vəfa Xankişiyevaya subay olduğunu deyərək onunla ailə quracağını vəd edib, sonra isə ona fərdi ev tikdirmək adı ilə 18 000 manat pul alaraq mənimsəyib.

Bundan başqa o, özünü "Azneft İstehsalat Birliyinin Kadrlar İdarəsinin rəisinin sürücüsü, xadimə işləyən arvadı Aidə Tahirovanı isə birliyin direktorunun katibəsi kimi təqdim edərək Nail Əmirovdan onu ADNŞ-nin Kazaxıstan Respublikasındakı Neft-Qaz Çıxarma İdarəsinə takelajçı vəzifəsinə təyin etdirəcəyini vəd etməklə 3000 manat pul alıb. Eynu üsulla, Nihal Kazımovdan 5 min manat, onun dayısı oğlu Zahir Rəhimovdan 5500, N.Kazımovun dostu Şahin Əliyevdən 2600 manat pul alıb.

Hər üç şəxsə onları "Azneft İstehsalat Birliyində işə düzəldəcəyini vəd edib.

R.Mirzəyev 2014-cü ildə telefon vasitəsilə tanış olaraq yaxın münasibət yaratdığı Natavan Xudayarova ilə qeyri-rəsmi ər-arvad kimi yaşayıb, guya, özünün həbsdə olan evini həbsdən çıxarmaq adı ilə onun dəyəri 5500 manat olan qızıllarını mənimsəyib.