Albaniyanın sabiq prezidentləri Sali Berişa və Recep Meydani Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunda iştirak məqsədilə Bakıya gələcək.
Unikal.org xəbər verir ki, komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 10-11 mart tarixində Bakı şəhərində keçiriləcək "Çoxqütblü dünyaya doğru" mövzusuna həsr olunan forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri, o cümlədən miqrasiya, multikulturalizm, inteqrasiya və digər qlobal əhəmiyyətli məsələləri geniş müzakirə ediləcək.
Sali Berişa və Recep Meydani Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləridir. Hər iki sabiq prezident 2015-ci ilin 28-29 aprel tarixində Bakı şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusunda keçirilmiş III Qlobal Bakı Forumunda iştirak ediblər.