"Xalq artisti İlhamə Quliyevanın bütün mirası onun oğlu Orxan Nadirova qalacaq".
Unikal.org xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında mərhum sənətkarın vəkili Habil Vəliyev deyib.
O, bildirib ki, müğənni Əli Mirəliyev İ.Quliyevanın yaxın qohumudur və istədiyi kimi açıqlama verə bilər: "Əli Mirəliyev haqqında heç nə demək istəmirəm. Onlar qohumdurlar. Necə istəyirsə, elə də açıqlama versin. Qanun öz sözünü deyəcək. Orxan İlhamə xanımın oğludur. Hazırda o, varidat deyil, təkcə İlhamə xanımın yas mərasimi haqqında düşünür. 40 mərasiminə kimi o, bu barədə düşünməyəcək. Kimsə onun varı-dövləti haqqında düşünüb,maraqlanırsa yolu açıq olsun. Amma qanun bir məsələni ortalıqda araşdıracaq. Qanun varis Orxan Nadirov olduğunu göstərəcək. Hamı tərəfindən məlumdur ki, Orxan Nadirov İlhamə xanımın oğludur. Bunu bütün ictimaiyyət və dövlət adamları da bilirdi. Yəqin ki, 40 mərasimindən sonra hər şey öz qaydasında olacaq".
H.Əliyev qeyd edib ki, təkcə İ.Quliyevanın deyil, bütün dünyasını dəyişən insanların ölümündən sonra bank hesabları dondurulur: "Bəli, bank hesabları dondurulub. Mən anlaya bilmirəm, insanları İlhamə xanımın bank hesabları niyə maraqlandırır? Onlar nə üçün banka gedirlər? Nə üçün onun pulunu axtarırlar? Bu kimə lazımdır? Əgər insan dünyasını dəyişirsə, onun bank hesabı, pensiyası, bütün gəlir nöqtələri dondurulur. Sonra proses hüquqi müstəvidə həll olunaraq bu məsələlərə baxılır. Kimsə bu işdə narahatdırsa, narahatçılığı da özünə qalacaq. Hər şey hüquqi müstəvidə həll olunacaq".
Əli Mirəliyev İ.Quliyevanın mirasına iddia edə bilərmi sualına vəkilin cavabı belə oldu: "Bu barədə heç nə deyə bilmərəm".
Qeyd edək ki, müğənni Əli Mirəliyev mətbuata açıqlama verərək Xalq artisti, mərhum sənətkar İ.Quliyevanın bütün mirasının dövlətə qaldığını və bununla bağlı bank hesablarının dondurulduğunu bildirib.