Bayıl yaşayış sahəsində yerləşən 157 saylı uşaq bağçasının fəaliyyəti müvəqqəti dayandırılır.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, qəzalı vəziyyətində olan uşaq bağçası aparılacaq təmir işləri ilə əlaqədar bu həftədən bağlanacaq.

Səbail Rayon İcra Hakimiyyətində sektor müdiri İsrafil Kərimov faktı Lent.az-a təsdiqləyib.

İ. Kərimov bildirib ki, noyabrın 4-dən bağça boşaldılacaq və əsalı təmir, yenidənqurma işləri aparılacaq: " Həmin bağça qəzalı vəziyyətdə olduğundan təmirə çox ciddi ehtiyacı var idi. Təmirdən sonra yenidən istifadəyə veriləcək. Müəllimlər ştatda qalır, təmir zamanı da aylıq maaşlarını alacaqlar. Uşaqlarla bağlı isə heç bir məlumatım yoxdur.
İ.Kərimov qeyd edib ki, ildə iki-üç bağça Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təmir olunur və bu il də plana düşən 157 saylı bağça olub.
Qeyd edək ki, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında da Bayıl yaşayış sahəsində 157 saylı uşaq bağçasının əsaslı təmiri maddəsi qeyd olunub.