Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin Azərbaycana səfərə gəlib.
Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" qəzetinə silah ixracı ilə əlaqəli mənbələr məlumat verib.
Dmitri Roqozin, öz növbəsində Azərbaycan paytaxtında olduğunu təsdiq edib.
"Bakıda havanın temperaturu gecə 9°C, gündüz 14°C-dir. Küləklidir. Azərbaycan paytaxtından hamıya salam!", — deyə o cümə axşamına keçən gecə öz "Facebook" səhifəsində yazıb.
Nəşrə verilən məlumata görə, Roqozin Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşəcək və iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Qəzet yazır ki, Roqozinlə yanaşı Rusiya silahlarının xüsusi ixracatçı şirkəti olan "Rosoboroneksport", həmçinin Hərbi-Texniki Əməkdaşlıq Federal Xidməti rəhbərliklərinin nümayəndələri də Bakıya gələcəklər.
Rusiya nümayəndə heyətinin Azərbaycan rəsmiləri ilə görüşəcəyi gözlənilir.
Habelə, Roqozinin Azərbaycan baş nazirinin birinci müavini və Rusiya-Azərbaycan hökumətlərarası komissiyası üzrə həmkarı Yaqub Eyyubovla görüşəcəyi istisna olunmur.(report)