Bir neçə il əvvəl dəb halını alan təmtəraqlı xınayaxdı mərasimlərinə bu gün demək olar ki, müraciət edən yoxdur.
Unikal.org anspress-ə iustinadən xəbər verir ki, toya hazırlaşan gəlinlər əvvəllər xına mərasimlərini çalğıçılar, aparıcılar, rəqqasların müşaiyəti ilə baş tutmasını istəyirdilərsə, bu gün israfçılıq eləməyə o qədər də imkan tapmırlar. Çünki toya hazırlaşan cütlükləri daha önəmli amillər düşündürür.
Martın 29-da toyu olacaq Zöhrə Quliyevanın sözlərinə görə, o, həmişə planlaşdırırdı ki, toyundan əvvəl xınayaxdı mərasimini xüsusi qeyd edəcək. Amma bu günkü iqtisadi vəziyyət, hər yerdə qiymətlərin qalxması gəlinin arzusunu ürəyində qoyub. "Özümə güclə cehiz almışam. Mebellərin, qab-qaşığın və s. digər əşyaların qiyməti çox qalxıb. Hələ şadlıq saraylarının qiymətini demirəm. Ona görə, xınayaxdı mərasimi təşkil etmək təxirə salındı", - deyə Zöhrə Quliyeva bildirdi.
Ölkəmizdə xınayaxdı mərasimləri ilə ən çox məşhurlar məşğul olurlar. Onların arasında aktrisa Tünzalə Əliyeva, müğənni Xuraman Şuşalı, Elnarə Xəlilova, rəqqasə Fatimə Fətəliyeva, Xatirə İslam da mərasimlər təşkil edərək gəlir əldə edirlər. Bəs, görəsən manatın dəyər itirməsi sənət adamlarına necə təsir edib?
Rəqqasə Fatimə Fətəliyevaya deyir ki, devalvasiyadan sonra xınayaxdı mərasimi ilə bağlı çox az adam müraciət edir. "Amma əvvəllər belə deyildi. Biz də ailəmizi bu bizneslə təmin edirik, həm də bu sahəyə nə qədər pul xərcləmişik. Amma günbəgün vəziyyət pisləşir. Bu gün şadlıq saraylarında vəziyyət gərgindir, o ki qaldı bizdə", - deyə rəqqasə qeyd etdi.
Müğənni Xatirə İslam isə artıq xına mərasimləri təşkil etmədiyini dedi: "Bu haqda danışmağı sevmirəm. Həm də mənim xınayaxdı mərasimim yoxdur".
Əməkdar artist Tünzalə Əliyevanın "Şəbu-nər" studiyası var. Həmin studiya bu gün də fəaliyyət göstərir, amma aktrisanın sözlərinə görə, oradan heç bir gəlir əldə etmir: "Məhərrəmlik ayından bu günə kimi xınayaxdı mərasimi ilə bağlı bizə müraciət etməyib. Bu yaxınlarda bir mərasimdə oldum, o da tanış adam idi. Amma ümümilikdə devalvasiyadan bu günə bu biznesdən heç bir gəlir əldə etməmişəm. Amma studiyaya, paltarlara pul xərcləmişəm və onları satmaq fikrim də yoxdur. Amma iş olmadığı üçün həvəsdən də düşmüşəm".
Müğənni Xuraman Şuşalı da məsələ ilə bağlı narazılığını bildirdi: "Əvvəllər bir aya 5-6 mərasim sifariş verirdilərsə, yanvar-fevral ayında cəmi 2 sifarişim olub. Amma mənim tədbirimin digərlərindən fərqlidir. Çünki mən özüm tədbir başlayandan sonadək orada iştirak edirəm. Qiymətlər də insanlarla danışıq yolu ilə həll olunur".
Xınayaxdı mərasimi qız evinə məxsusdur və qız evi tərəfindən həyata keçirilir. Xınayaxdı mərasiminin əsas mənası ondan ibarətdir ki, gəlin olacaq qız subaylığın son gecəsini yaşayır. Əvvəllər bu mərasimlər sadə olardı.
Toydan bir gün öncə ən yaxın qohumlar qızın evinə gedər, simvolik olaraq xına yaxaraq xeyir-dua verərdilər. Bunun üçün isə o qədər də böyük xərc tələb olunmurdu. Bir kasa xına, bir xonça da konfet və gəlinin toy günü geyinəcəyi gəlinlik.
Amma indi qədim adətlərimizdən olan xınayaxdını həyata keçirmək üçün əməlli-başlı xərc tələb olunur. Belə ki, bir xınayaxdı mərasimi 250 və 600 manat olmaqlı iki paketə ayrılır.
Araşdırmadan belə bir nəticəyə gəlmək olar ki, dolların qalxması və manatın dollar qarşısında kəskin ucuzlaşması kiçikli-böyüklü sahibkarların biznesinə zərbə vurub. Görünür, bu, xəmir hələ çox su aparacaq. Çünki indi biznesmenlər iki seçim arasında qalıblar - ya qiymətləri qaldırmaq, ya da biznesin fəaliyyətini dayandırmaq. Birinci yola əl atsalar, onsuz da zəif olan alıcı qüvvəsini itirə bilər. Odur ki, ədalətli qiymət siyasətinə keçmək lazımdır. Bununla həm biznesmenlərin xərcləri azalar, həm də iş yeri itkisinin qarşısı alınar.