Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə "Bizim gücümüz birliyimizdədir" adlı konfrans keçirib.
Unikal.org-a daxil olan məlumata görə, konfransı giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq bildirib ki, Azərbaycan bütün dünyada çoxmillətli və tolerant ölkə kimi yaxşı tanınır. Ölkəmizdə etnik qruplar, azsaylı xalqlar azərbaycançılıq məfkürəsi ətrafında sıx birləşərək qarşılıqlı anlaşma, dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayır, fəaliyyət göstərir və bir-birlərinin dini etiqadlarına böyük hörmət və sayğı göstərirlər. Azərbaycan hazırda regionun ən təhlükəsiz, tolerant və multikulturalizmin hökm sürdüyü ölkəsidir.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli deputatlar Elmira Axundova, Cavanşir Paşazadə, Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri, BMT-nin ölkəmizdəki nümayəndəsi, Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə və başqaları çıxış edərək Azərbaycanda bütün azsaylı xalqların və etnik qrupların bərabərhüquqlu vətəndaşlar kimi yaşamasından, onlara prezident İlham Əliyev tərəfindən daim göstərilən diqqət və qayğıdan söz açmış, o cümlədən Lənkəranda da müxtəlif xalqların nümayəndələrinin təhlükəsiz, qarşılıqlı anlaşma və əminamanlıq şəraitində yaşayaraq fəaliyyət göstərdiklərini – ictimai-siyasi, mədəni, iqtisadi həyatın bütün sahələrində birgə çalışdıqlarını diqqətə çatdırıblar.
Tədbir Gənclər Mərkəzində Novruz şirniyyatları ilə bəzədilmiş süfrə arxasında davam etdirilib.