Lerik rayonunda qonşusunu bıçaqlayandan sonra intihar edən məktəb direktorunun işi ilə bağlı aparılan araşdırmanın ilkin nəticəsi açıqlanıb.
Unikal.org xəbər verir ki, Lerik rayon Təhsil Şöbəsindən APA-ya verilən xəbərə görə, araşdırmanın ilkin nəticələrinə əsasən insident mülkiyyət üstündə olub. Hazırda məsələ ilə bağlı araşdırma və istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Lerikin Veri Əliabad kənd orta məktəbinin direktoru Adil Rəhimov şəxsi münaqişə zəminində qonşusu, 36 yaşlı Seyid Qurbanova çoxlu bıçaq zərbəsi vurub. Ağır bədən xəsarətləri alan S. Qurbanov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona lazımi tibbi yardım göstərilməsinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilir.
A.Rəhimov sonradan intihar edib. Belə ki, o, kənd qəbiristanlığında şəhid qardaşının məzarı üstündə ov tüfəngi ilə özünü güllələyib. Məktəb direktoru aldığı güllə yarasından hadisə yerindəcə ölüb.