Yaponiya və Hindistan arasında imzalanan müqaviləyə görə, Tokio nüvə enerjisi istehsalını artırmaq istəyən Dehliyə yanacaq, mütəxəssis və texnologiya verəcək.
Unikal.org publika.az-a istinadən xəbər verir ki, dünyada nüvə hücumuna məruz qalmış yeganə ölkə olan Yaponiya Nüvə Silahlarının Yayılmasına Qarşı Müqaviləsinə (NPT) qoşulmayan bir ölkə ilə ilk dəfə belə bir müqavilə imzalayıb. Hindistan NPT-nin ayı-seçkiliyə səbəb olduğunu əsas gətirərək, müqaviləyə qoşulmaq istəmir.
Yaponiyanın verəcəyi nüvə yanacağı və texnologiyalar yalnız sivil məqsədli işlərə sərf olunacaq. Müqaviləyə əlavə olunan mətndə deyilir ki, Hindistan nüvə sınağı keçirərsə, Yaponiya müqaviləni birtərəfli dayandıra bilər.
Hindistanın əsas məqsədi 2032-ci ilə qədər nüvə enerjisini 10 qat artırmaqdır. Bununla yanaşı, rəsmi Dehli bölgədə Çin və atom bombasına sahib olan Pakistandan çəkinir.
Ekspertlərə görə, Hindistanın bu addımı bölgədə Çinə qarşı yeni gücün yarana biləcəyi ehtimalını artırır.