Moskvanın "Politiçeskaya ensiklopediya nəşriyyatında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı, Əməkdar Jurnalist Elmira Axundovanın "İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda ("Ильхам Алиев. Портрет президента на фоне перемен) kitabı rus dilində çapdan çıxıb.

Unikal.org xəbər verir ki, nəfis tərtib olunmuş kitabda tanınmış yazıçı-publisist Elmira Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açır, onun uğur fenomenini təhlil edir. Müəllif "Uğurlu, nüfuzlu şəxsiyyət, prezident olmaq üçün nə etmək lazımdır?, "Xalqın lideri missiyası nədir? suallarına cavab axtarır.

Açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən adamlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir.

Kitabın əvvəlində Elmira Axundova AZƏRTAC-ın fotoarxivindən təqdim olunan fotomateriallara görə agentliyin baş direktoru Aslan Aslanova təşəkkürünü bildirib.

Müəllif xalqının gələcəyi naminə öz üzərinə böyük məsuliyyət götürmüş müasir Azərbaycanın liderinin hakimiyyətə gəldiyi şəraiti təhlil edir.