Noyabrın 14-də Ay son 68 ildə ilk dəfə Yerə bu qədər yaxın məsafədə olacaq.

Unikal.org xəbər verir ki, bunu publika.az-a açıqlamasında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətai deyib.

O bildirib ki, Ayın Yerə yaxınlaşması dövrü olaraq baş verən haldır, lakin hər dəfə fərqli məsafələrdə yaxınlaşmış olur:"Ayın 13-dən 14-nə keçən gecə Ay mövcud ölçüsündən 14% daha böyük görünəcək. Parlaqlığı isə 30% artacaq. Ay Yerin ətrafında elips üzrə hərəkət edir. Bu zaman Yerə ən yaxın və ən uzaq məsafələrdə ola bilir. Bu dəfə ən yaxın məsafədə olacaq və "Super Ay olacaq. Sonuncu dəfə belə hadisə 1948-ci ildə baş verib. Bu hadisənin təkrarı dekabrın 14-də 15-də müşahidə ediləcək. Bu, həqiqətən də çox cəzbedici mənzərə və maraqlı olacaq. Hava buludlu olmazsa, Azərbaycanda bunu adi gözlə müşahidə etmək olacaq.

Ə.Ətai bildirib ki, 18 ildə bir dəfə bu hal müşahidə edilsə də, bu əvvəlkilər fərqlənəcək:"Ayla Yer arasındakı məsafə 384-400 min kilometr arasında dəyişir. Bu dəfə Ayla Yer arasında məsafə 40 min kilometrə qədər azalmış olacaq.

Ə.Ətai ayda baş verən bu halların sonradan yerdə okeanlarda qabarmalar, zəlzələlərə səbəb olmasına da toxundu:"Adətən, belə məqamda okeanlarda qabarmalar artır. Bu qabarma əvvəlkilərdən daha böyük olacaq, dalğanın hündürlüyü 16 metrdən çox olacaq. Çünki qarşılıqlı cazibə qüvvəsi 10% artmış olacaq. Zəlzələyə gəldikdə, bu, yalnız rezonans təşkil edə bilər. Əgər hər hansı hadisə hazırlanırsa, bu hadisə təkan ola bilər. Hər şey qaydasındadırsa, heç bir təsir olmayacaq.