İmişlidə tikinti materialları daşıyan yük maşını yanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, yanğın hadisəsi gecə saat 21.00 radələrində baş verib.

İmişli rayonuna tikinti materialları satmaq məqsədi ilə gələn Oğuz rayon sakini, Rəşad İbrahimova məxsus "Hundai markalı 99 XL 548 dövlət nömrə nişanlı avtomobilin yük yerində qəfildən tüstülənmə baş verib. Qısa müddətdə alov yük yerini əhatəsinə alıb.

Yanğının söndürülməsinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb. Yük maşını yanğından xilas edilsə də, yük yerində olan malların xeyli hissəsi yanaraq sıradan çıxıb. Sürücünün bildirdiyinə görə, avtomobildə 50 min manatlıq tikinti materialı olub. Yanğın zamanı avtomobilin sürücüsü tüstüdən zəhərlənib. Təcili yardımla hadisə yerinə gələn həkimlər sürücüyə tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır.