Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası təxirə salınıb.
Unikal.org report-a istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına səbəb A.Çovdarovun məhkəməyə gətirilməməsi olub.
Bu günki prosesə təqsirləndirilən şəxslərdən yalnız A.Çovdarov məhkəməyə gətirilməyib.
Bununla bağlı Bakı İstintaq Təcridxanasından məhkəməyə müvafiq arayış göndərilib. Arayışda qeyd edilib ki, onun səhhətində yaranmış problemlərə görə məhkəməyə gətirilməsi mümkün olmayıb. Məhkəmə iclasının A.Çovdarovun iştirakı olmadan davam etdirilməsi gözlənilir.
Məhkəmə A.Çovdarovun məhkəmə prosesinə gəlməməsi ilə bağlı onun barəsində olan arayışı qəbul etməyib. Çovdarov Sabunçu Rayon Məhkəməsinə gətirilib. O, vəkili Kamandar Nəsibovla görüşmək istədiyini deyib.
Proses günün ikinci yarısında davam etdirilib. Vəkil Kamandar Nəsibov jurnalistlərə bildirib ki, prosesdə A.Çovdarov vəsatətlə çıxış edib. O, məhkəmə heyətinə etiraz edib. Vəsatət baxılmamış saxlanılıb.
Vəkilin sözlərinə görə, daha sonra A.Çovdarov vəkillərindən imtina etdiyini bildirib: "Bu vəkillər müalicə işimi həll edə bilmirlərsə, mənim hüquqlarımı müdafiə etmək lazım deyil. Buna görə məhkəməyə yazılı ərizə təqdim edirəm".
K.Nəsibov vurğulayıb ki, müvəkkili məhkəməyə oksigen balonu ilə gətirilib.
Proses noyabrın 15-nə qədər təxirə salınıb.