Sabiq müdafiə naziri Rəhim Qazıyev Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavatın sabiq başqanı İsa Qəmbəri ittiham edib.
Unikal.org teleqraf.com-a istinadən bildirir ki, o, nazir vəzifəsindən azad edilməsinin səbəbini İsa Qəmbərdə gördüyünü bildirib. Əlavə edib ki, müdafiə naziri olduğu zaman nə vaxt Əbülfəz Elçibəyin qəbuluna gedibsə, Ali Sovetin sədri İsa Qəmbəri prezidentin yanında görüb: "Mən işlədiyim müddətdə Əbülfəz Elçibəylə barmaqla sayılacaq qədər ikilikdə görüşmüşəm. Görüşlərin əksəriyyətində İsa Qəmbər prezidentin yanında olurdu və demək olar ki, əsas söz sahibi idi. Əbülfəz Elçibəy mənə Gəncədə Surət Hüseynovun rəhbərliyi ilə çevriliş hazırlandığını dedi. Belə bir ifadəni eşidəcəyimi ağlıma belə gətirmirdim. Mən qəti etiraz etdim və konkret faktların ortaya qoyulmasını istədim. Əlavə etdim ki, əgər belə bir şey varsa, deməli, müdafiə naziri olaraq bu işə birbaşa mən başçılıq edirəm. Bu isə mümkün deyil. Dedim ki, Əbülfəz bəy, məni ətrafındakı əyləşdirdiyin və prezident kreslosuna göz dikənlərlə dəyişik salma. Söhbətin bu yerində İsa Qəmbər müzakirələrə müdaxilə edib dedi ki, əgər bizimlə birlikdə işləmək istəyirsənsə, Surət Hüseynovun korpusun rəhbəri vəzifəsindən azad olunması üçün təqdimat yazmalısan. Mən də İsa Qəmbərə cavab verdim ki, sizinlə işləmək istəmədiyim barədə rəsmi iki istefa ərizəsi vermişəm".
R.Qazıyev qeyd edib ki, fevralın 11-də axşam saat 21:00-da prezidentin yanında müşavirə qurtaran kimi Əbülfəz Elçibəy onu yenidən xidməti otağına dəvət edib: "Həmişə olduğu kimi, İsa Qəmbər də prezidentin otağında idi. Fevralın 16-da isə prezident məni keçmiş göz xəstəxanası ilə üz-üzə olan iqamətgahına dəvət etdi. Bu dəfə Əbülfəz Elçibəyin yanında heç kim yox idi. Biz ikilikdə müxtəlif məsələlərdən danışıb müzakirələr apardıq. Görüşün sonuna yaxın prezident dedi ki, Milli Məclisin qapalı iclası olacaq və həmin iclasda həm də uğursuz "Fərrux" əməliyyatı barədə müzakirələr aparılacaq. Mən belə bir müzakirənin keçirilməsinin zəruri olduğunu dedim. Prezidentdən ayrılanda sabahkı Ali Sovetin qapalı iclasında əsəbləşməməyi mənə tövsiyə etdi. Fevralın 17-də, axşam saat 17-18 radələrində Müdafiə Nazirliyinin məsul işçiləri, o cümlədən də müavinim Vahid Musayevlə Milli Məclisin iclasına getməyə hazırlaşırdıq. Vahid Musayev mənə dedi ki, orada səni əsəbləşdirib istefa vermək həddinə çatdıracaqlar. Xahiş edirəm, əsəbləşməyəsən. Çox təəssüflə deyim ki, sözümün üstündə durmadım, növbəti səhvlərimdən birini etdim. Necə deyərlər, bu məkrli şəxslərin xüsusi ustalıqla qurduğu tora, əsəblərimin qurbanı olaraq rahatlıqla, həm də onların istəyinə uyğun olaraq düşdüm. Həmin iclasda mənə şər-böhtan atdılar. Böhtan o dövrdə milli təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbərov tərəfindən ortaya atıldı. O, çıxışı zamanı "Bizim əlimizdə Rəhim Qazıyevin ruslara işləməsi barədə fakt - telefon yazısı - var" - dedi, lakin, nə hər hansı fakt ortaya qoyuldu, nə də ki, o dediyi əllərində olan telefon danışığı səsləndirildi. Mənim tələbimə baxmayaraq "faktlar" və telefon yazısı MM-ə təqdim edilmədi. Həmin gün istefaya getdim. Bu heç vaxt özümə bağışlamadığım ən böyük səhvim oldu. Fevralın 20-də prezident istefamı qəbul etdi. Həmçinin məni baş nazirin müavini vəzifəsindən azad etdi".