Goranboyda bir neçə gün əvvəl baş vermiş quldurluq faktının üstü açılıb.
Unikal.org ARB Kəpəzə istinadən xəbər verir ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri - Sadiq Bağırov, İlqar Xeyrişli və Rauf Abbasov saxlanılıblar.
Həmin şəxslər əvvəlcədən qrup təşkil edərək noyabr ayının 3-dən 4-nə keçən gecə Goranboy rayonu, Azad kənd sakini Rəhman Qəhrəmanovun evinə oğurluq məqsədi ilə daxil olublar. Evdə heç kimin olmadığını düşünən çağırılmamış qonaqların qarşısına anidən ev sahibi Rəhman Qəhrəmanov çıxıb.
Bu zaman dəstə üzvləri öz çirkin əməllərini başa çatdırmaq üçün Qəhrəmanova müxtəlif xəsarət yetiriblər. Daha sonra isə mənzildə olan 1600 manat nağd pulu və 3300 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçirərək hadisə yerini tərk ediblər. Hadisədən sonra həmin ünvana gələn qonşular ev sahibi Rəhman Qarayevin ağır bədən xəsarətləri aldığının şahidi olublar. Yaralı dərhal ətrafdakıların köməkliyi ilə paytaxt xəstəxanalarından birinə aparılıb. Hazırda vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.