Hələ sovet dövründə Azərbaycanın əsas sənaye mərkəzi statusuna sahib olan Sumqayıt bu şərəfli adı indi də daşıyır. Son illər şəhərdə onlarla yeni sənaye müəssisəsinin yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin fəaliyyətinin canlandırılması bunu təsdiq edir. Ümumiyyətlə, gənclər şəhəri olan Sumqayıt son illərdə bir çox istiqamət üzrə qazandığı nailiyyətlərlə fərqlənir. Təsadüfi deyil ki, Sumqayıtı respublika üçün kadrlar hazırlayan laboratoriya da adlandırırlar. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Sumqayıt şəhəri öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan şəhər qazandığı nailiyyətləri ilə suveren ölkəmizin iqtisadi qüdrətinin artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsi naminə töhfələr verir.
Bu gün hər bir sumqayıtlı aparılan və səngimədən davam etdirilən abadlıq və quruculuq işlərinin nəticəsində gündən-günə gözəlləşən şəhərdən, sözün əsl mənasında zövq alır. Əminliklə deyə bilərik ki, Sumqayıtın gələcək inkişafı üçün hazırlanan proqram və layihələrin nəticəsində bu şəhər nəinki respublikamızın, hətta Avropanın və dünaynın ən gözəl diyarlarından birinə çevriləcək.
Şəhər gününüz mübarək.