Azərbaycan Minsk qrupunun tam formatda fəaliyyətə keçməsi ideyasını dəstəkləyir.
Unikal.org xəbər verir ki, bunu ANS TV-nin "Hesabat" verilişində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov səsləndirib.
"Minsk qrupunun tam formatda fəaliyyətə keçməsi, məhz iclasların tam heyətdə
keçirilməsi ilə beynəlxalq cəmiyyətin Ermənistana təzyiqinin artırılması üçün
daha bir vasitə qazanmış oluruq", - deyə Araz Əzimov vurğulayıb.
Azərbaycan xarici işlər nazirinin müavinin fikrincə, Minsk qrupunun indiki
formatında Ermənistan özünü daha rahat hiss edir: "Bütövlükdə benəlxalq
ictimaiyyətə münaqişə haqqında daha az informasiya gedir, Ermənistana daha az təzyiq
olur. Buna görə də bu şərait bizi qane etmir".
Araz Əzimovun sözlərinə görə, Minsk qrupu çərçivəsində üç ölkə adından aparılan
bu danışıqlar daha çox həmsədr ölkələrin məramlarına xidmət edir: "Hansısa
mərhələdə Rusiya ilə ABŞ arasında münasibətlər korlananda və ya gərginləşəndə
biz bunu Minsk prosesi çərçivəsində hiss edirik".
Onun fikrincə, Minsk qrupunda Türkiyə, Almaniya və İsveçin fəaliyyətinin bərpa
edilməsi daha təsirli olardı.
Araz Əzimov Rusiyanın Ermənistana silah yardımı etməsindən danışarkən Ermənistanla
Rusiyanın hərbi-siyasi alyansının heç kimi təccübləndirmədiyini, iki ölkə
arasında uzun müddətli müqavilənin olduğunu və bu müqavilə əsasında Rusiyanın
Ermənistan ərazisində qoşun saxladığını, yeni-yeni silahlar gətirdiyini və öz nəzarəti
altında saxladığını diqqətə çatdırdı.
Nazir müavini Rusiyanın Ermənistanın hava müdafiəsini təmin etdiyini və bu ölkənin
sərhədlərinə nəzarət etdiyini önə çəkərək bildirdi ki, "Ermənistan
iqtisadiyyatının 70 faizi Rusiyaya mənsubdur".
Onun sözlərinə görə, Rusiya Ermənistanı həm öz ərazisində, həm də Ermənistan ərazisində
dəstəkləyir: "Lakin müharibə başlasa, Azərbaycan öz ərazisində müharibə
aparacaq. Azərbaycan öz ərazisində özünü haqlı olaraq müdafiə edəcək və öz ərazi
bütövlüyünü müdafiə etmək üçün addımlar atacaq. Belə olan halda hüquqi baxımdan
Rusiyanın Ermənistan tərəfindən münaqişəyə qoşulması qanuna ziddir".