Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı dərinləşdirməyi planlaşdırır.

Unikal.org-un Trend-ə istinadən verdiyi məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra brifinqdə deyib.

Nazir bildirib: "Bu gün gürcüstanlı həmkarım ilə strateji tərəfdaşlığın inkişafı və dərinləşdirilməsi perspektivlərini müzakirə etdik".

Onun sözlərinə görə, enerji və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub: "Azərbaycan Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində Gürcüstanla əməkdaşlığı yüksək qiymətləndirir. Layihənin reallaşdırılması nəqliyyat sahəsində əməkdaşlığımızı genişləndirəcək".

E.Məmmədyarov qeyd edib ki, tərəflər sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclasının keçirilməsi barədə razılığa gəliblər: "Biz bu sahədə danışıqların davam etdirilməsi üçün gürcüstanlı ekspertləri Bakıya dəvət etdik".

O əlavə edib ki, Azərbaycan və Gürcüstan ölkələr arasında müqavilə-hüquq bazasını genişləndirəcək, ikitərəfli əməkdaşlıq üzrə 10-dan artıq sənədin layihəsi hazırlanma mərhələsindədir.

Öz növbəsində, gürcüstanlı nazir deyib ki, iki ölkəni enerji sahəsində sıx əməkdaşlıq bağlayır: "Bu il Bakı-Supsa layihəsinin reallaşdırılmasının 20 ili tamam olur. Əməkdaşlığımız nəqliyyat sahəsini də əhatə edir. Hər iki ölkə iqtisadi əməkdaşlığın inkişafı üçün sıx əməkdaşlıq edəcək. Gürcüstan, həmçinin gömrük sahəsində əməkdaşlığın inkişafını dəstəkləyir. Ölkələr arasında beynəlxalq müqavilə-hüquq bazasının inkişafına ehtiyac var.

O diqqətə çatdırıb: "Biz beynəlxalq arenada da əməkdaşlığı davam etdirəcəyik. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, ümid edirəm ki, bu mövqe dəyişməyəcək".