Topaz Premyer Liqasının XIII turunda keçirilən "Kəpəz"- "Neftçi" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra gəncəlilərin baş məşqçisi Şahin Diniyev qələbəni şərh edib.

"Meydança çox ağır idi. İtirdiyimiz xallar çoxdu. Rəqib müdafiəni yara bilmirik. Mübarizəli oyun izlədik. "Neftçi" də müqavimət göstərdi. Taktiki cəhətdən səmərəli oynadıq. İlk 5 dəqiqəni çıxmaq şərti ilə, komanda ağıllı oynadı. Təsadüfi yox, layiqli qələbədi".

- Qalibiyyətdən həzz ala bildiniz?

- Məşqçi üçün kasıb heyətlə oyuna köklənmək çətindi. Aldığım həzz odur ki, futbolçular meydançanın hər qarışığı uğrunda mübarizə apardı. Bu gün qələbə qazanmağı çox istəyirdik. 6 xallıq oyun idi. Qələbə qazandığımız üçün xoşbəxtəm. Əlimizdəki olan heyətlə qışa qədər maksimum nəticə qazanmalıyıq.

- Çoxdandı "Kəpəz" "Neftçi" üzərində qələbə qazana bilmirdi. Düşünmək olarmı ki, yeni dünyaya gələn nəvəniz Şahin Diniyevin ayağı sizə düşərli oldu?

- Mən şadam ki, yeni Şahin Diniyev gəlir. Bu, komandanın mənə böyük hədiyyəsi idi. Gedib onu rahat qucaqlaya bilərəm. Qələbə qazanmasaydıq, üzüm gülsə də, içim gülməyəcəkdi.

- Oyundan əvvəl "Neftçi" ilə matçın sizin üçün son şans olduğu söylənilirdi...

- Mən 2005-ci ildəki Şahin Diniyev deyiləm. Rəhbərliyin qərarına hörmət edirəm. Allahım bilir ki, vicdanım təmizdi. Azarkeşlər də qələbə tələb etməkdə haqlıdır. İşimi itirməkdən qorxmuram. Başqa şeylərə fikir versəm, işləməyə dəyməz. Bütün gücümlə işimə kökləmişəm.