Krımda Rusiyanın Hava Hücumundan Müdafiə qoşunları gücləndirilmiş iş rejiminə keçirilib.

Unikal.org bildirir ki, bu haqda regionun güc strukturlarındakı mənbə bildirib.

Onun sözlərinə görə, hava qüvvələrinin gücləndirilmiş iş rejiminə keçirilməsi haqqında qərar Kiyevin bəyanatlarına cavabdır. Bundan öncə rəsmi Kiyev 1-2 dekabr tarixlərində Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasına yaxın ərazilərdə raket atışları həyata keçirəcəyini açıqlayıb.

"Baxmayaraq ki, Ukrayna tərəfindən raket atışlarının həyata keçirilməsi xüsusi piar-gedişdir. Amma Kiyevin bu addımı hər halda real və potensial təhlükə kimi qəbul edilir. Buna görə də Krımda Rusiya Hava Hücumundan Müdafiə gücləri gücləndirilmiş iş rejiminə keçib, - agentliyin həmsöhbəti deyib.

Rusiya Kiyevin niyyətinin təxribat hesab edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, bu təxribat Ukrayna və Rusiya arasında münaqişənin genişlənməsinə hesablanıb. Nazirliyin rəsmisi qeyd edib ki, Kiyev ölkədə ağırlaşan siyasi, iqtisadi və sosial böhrandan diqqəti yayındırmaq üçün vəziyyəti gərginləşdirmək istəyir.

Rusiya Müdafiə Nazirliyinin Ukraynanın Rusiyadakı səfirliyinin hərbi attaşesinə noyabrın 26-da göndərdiyi məktubda isə bildirilir ki, Ukrayna Krımla sərhəddə raket atışları həyata keçirsə, Rusiya Ukrayna ərazisinə raket zərbələri endirə bilər. Rəsmi Moskva təlimlər baş tutacağı halda Ukraynanın bütün raket qurğularını məhv edəcəyini açıqlayıb.(publika.az)