Prezident İlham Əliyev martın 8-də Rusiya Federasiyasının "Qazprom" Şirkətinin İdarə heyətinin sədri Viktor Zubkovu qəbul edib.
Unikal.org AzərTAC-a istinadən verdiyi məlumata görə, Viktor Zubkov Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.
Görüşdə Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, münasibətlərimizin bundan sonra da genişlənəcəyi əminliklə qeyd edilib.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Dövlət Neft Şirkəti ilə Rusiya Federasiyasının müxtəlif neft-qaz şirkətləri, eləcə də "Qazprom" arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Görüşdə, həmçinin V. Zubkovun da iştirak edəcəyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, tədbirin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.