Telejurnalist İradə İsaq ATV-dən ayrılıb.
Unikal.org Lent.az-a istinadən verdiyi məlumatına görə, "Sönməyən ulduzlar", "Düz üzünə", "Səbəbkar" kimi reytinqli layihələrin müəllifi və aparıcısı bundan sonra ANS televiziyasında çalışacaq. İ.İsağın hazırladığı yeni veriliş həftənin 5 günü canlı olaraq yayımlanacaq.
Qeyd edək ki, İradə İsaq ATV ilə əməkdaşlıq etməzdən əvvəl ANS TV-də çalışıb. Həmin vaxt onun aparıcısı olduğu "Ölümdən 24 saat əvvəl" və "Xəbərin izində İradə İsaqla" layihələri qısa müddət ərzində böyük populyarlıq qazanmışdı.
Telejurnalist ATV-ni tərk etməsinə kanal rəhbərliyi ilə aralarında yaşanmış münaqişənin səbəb olması ilə bağlı deyilənlərə də münasibət bildirib. O, Lent.az-a açıqlamasında bunu şayiə adlandırıb.
İradə İsaq ANS telekanalından daha maraqlı təkliflər aldığını və bu təklifi dəyərləndirmək istədiyi üçün ATV-dən ayrıldığını söyləyib.