Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan polis general mayoru Zakir Nəsirovun həyat yoldaşı Antonina Nəsirova ölkə prezidenti və Prezident yanında Əfv komissiyasına müraciət edib.
Unikal.org xəbər verir ki, ailəsindən "Qafqazinfo"ya daxil olan müraciətdə A. Nəsirova bildirir ki, həyat yoldaşı sıravi polis nəfərindən polis general mayoru rütbəsinədək yüksəlib, Heydər Əliyev tərəfindən Azərbaycan Bayrağı Ordeni ilə təltif edilib. 2005-ci ilin iyul ayında Zakir Nəsirovun MTN əməkdaşları tərəfindən həbs edildiyini bildirən A. Nəsirova məhkəmənin hökmü ilə ona ömürlük azadlıqdan məhrum etmə cəzası verildiyini qeyd edib. "Həyat yoldaşım MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun və əməkdaşlarının cinayətkar Hacı Məmmədovla sövdələşməsinin və intriqalarının qurbanı olmuşdur" yazan Nəsirova qeyd edib ki, həyat yoldaşına dəfələrlə təklif olunurdu ki, azadlığa çıxmaq istəyirsə Hacı Məmmədovun törətdiyi cinayətlərdə DİN rəhbərliyinin iştirak etməsi barədə ifadə versin.
Z. Nəsirova qarşı irəli sürülən ittihamların heç birinin sübuta yetirilmədiyini bildirən həyat yoldaşı buna baxmayaraq, ona etmədiyi cinayətlərə görə ömürlük azadlıqdan məhrum etmə cəzası verildiyini xatırladıb.
A. Nəsirova yazır: "Bizim ailəmiz 11-ci ildir ki, səbirsizliklə Zakir Nəsirov barəsində çıxarılmış qanunsuz məhkəmə qərarlarının ləğv olunacağını, onun bəraət alacağını gözləyir. Zakir Nəsirov artıq 11-ci ildir ki, etmədiyi cinayətlərə görə həbsdədir. Onun yaşı 70-ə yaxınlaşır, səhhətində problemlər var. Sizə onun üçün müraciət edirik ki, bildiyimizə görə Novruz bayramı ərəfəsində Sizin tərəfinizdən növbəti əfv Fərmanı veriləcəyi gözlənilir. Ümidvarıq ki, Sizin humanistliyiniz sayəsində Zakir Nəsirov da əfv ediləcək azadlığa, ailəsinə qovuşacaq".