"Alafarah LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bir sıra yuyucu maddələrin saxta istehsalına dair İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, araşdırmalar zamanı Cəmiyyətin vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özləri və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə insan sağlamlığı üçün ziyanlı maddələrdən istifadə olunmaqla mövcud standartların tələblərinə uyğun gəlməyən ölçüdə və çəkidə, habelə xarici ölkələrdə istehsal edilməsi adı ilə saxta qablaşdırılmış "BOÇ", "Blanco", "Formil", "W5", "AFAMİA" və "Bleacher" kimi yuyucu maddələri istehsal etməklə istehsalçılara xeyli miqdarda ziyan vurmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.