Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli sərəncamında dəyişikliklər edilməsi və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə fərman imzalayıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin rəqabət qabiliyyətinin artırılmasını, dəniz nəqliyyatı sisteminin təkmilləşdirilməsini, Cəmiyyətə məxsus gəmilərin beynəlxalq sularda fəaliyyətinin genişləndirilməsini, habelə beynəlxalq şirkətlərin müasir idarəetmə təcrübəsindən istifadə etməklə, su nəqliyyatının inkişafının sürətləndirilməsini və rəqabətədavamlı dəniz nəqliyyatı xidmətləri göstərilməsini təmin etmək məqsədilə sərəncamda aşağıdakı dəyişikliklər edilir:
3-cü hissə aşağıdakı redaksiyada verilir:
"3. Müəyyən edilsin ki:
3.1. Cəmiyyətin sədrinin və onun müavinlərinin (İdarə Heyəti)
vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və
ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata
keçirilir;
3.2. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin yaradılması və
ləğvi, törəmə hüquqi şəxslərin yaradılması, yenidən təşkili və ləğvi
Cəmiyyət tərəfindən həyata keçirilir və bu barədə Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilir;
3.3. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə
hüquqi şəxslərin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi
Cəmiyyət tərəfindən həyata keçirilir;".
Fərmanla müəyyən edilir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət), onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin Cəmiyyətin Nizamnaməsi ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri üçün xüsusi razılıq (lisenziya), icazə, sertifikat alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya), icazə, sertifikat alınmış hesab edilir və yenidən alınması tələb olunmur; Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətləri Cəmiyyət tərəfindən həyata keçirilir.
Nazirlər Kabinetinə "2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramı"nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması, onun maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması ilə bağlı zəruri tədbirlər görmək və nəticəsi barədə Azərbaycan Prezidentinə məlumat vermək; "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin əsas fəaliyyət istiqamətlərinə aid olmayan, eyni zamanda, saxlanılması üçün xeyli vəsait tələb edən (qeyri-profilli) aktivlərin realizə edilməsindən əldə olunan vəsaitin su nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsinə yönəldilməsini təmin etmək məqsədi ilə tədbirlər görmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə iki ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Qeyd edək ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"
Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevdir.