"Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom MMC istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması üzərində planlı şəkildə işləyir.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bunu "Aztelekom MMC-nin baş direktoru Suat Paşayev bildirib.

S.Paşayev qeyd edib ki, MMC-nin əsas prioritetlərindən biri də internetin keyfiyyətinin artırılmasıdır.

"Yaxın 1 il ərzində "Aztelekom MMC ölkə üzrə mövcud şəbəkənin tutumunun artırılmasına nail olmaq niyyətindədir. Hazırda bizim bəzi abunəçilərimiz mənəvi və fiziki baxımdan köhnəlmiş ADSL texnologiyaları ilə internetə bağlanırlar.

Lakin texnoloji trendlər onu göstərir ki, yaxın gələcəkdə artıq birbaşa kabel bağlantısı ilə internetə qoşulmaq mümkün olacaq. Bizim əsas məqsədimiz odur ki, bir xətt üzərindən bütün xidmətlərimiz göstərilsin. Bunların arasında əsas üç xidməti qeyd edə bilərəm.

Söhbət telefon, IP-TV və internetdən gedir. Gələcəkdə başqa xidmətlər də bazara çıxmış ola bilər və onları da abonentə çatdırmaq bizim əsas borcumuzdur, - deyə o bildirib.