Hazırda ölkəmizdə fəaliyyət göstərən əksər banklar dollar satmır. İnsanlar isə dollara olan tələbatlarını məcburən "qara bazar"dan təmin etməli olurlar.

Unikal.org xezerxeber.az-a istinadən xəbər verir ki, hətta sosial şəbəkələrdə də dollar satışını təklif edənlər var. Əməkdaşlarımız metronun "28 may" stansiyası yaxınlığındakı "qara bazar"da olublar və ordan reportaj hazırlayıblar.

Dollara olan tələbat nəticəsində günün birinci yarısında "Facebook" sosial şəbəkəsində çoxlu sayda dolların alqı-satqı elanları ortaya çıxdı, hətta "exchange" səhifələri açanlar oldu. Amma məsələ ictimailəşən kimi elanlar yığışdırıldı, səhifələr isə qapadıldı.

Sosial şəbəkələrdən yığışdırılsa da, qara bazarlarda dolların alqı-satıqısı hələ də həyata keçirilir. Banklar dollar satmadığından xarici valyutaya ehtiyacı olanlar belə bazarlara üz tuturlar.

Bu görüntülər paytaxtda metronun "28 may" stansiyasının yaxınlığında - əvvəllər exchangelərin bol olduğu Səməd Vurğun parkının yanında gizli şəkildə lentə alınıb. Üstəlik, banklardan fərqli olaraq belə bazarlarda istənilən qədər xarici valyuta almaq və satmaq mümkündür.

Belə bazarlarda bu gün üçün 1 dolların alışı isə 1 manat 82 qəpikdən həyata keçirilir.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev verdiyi açıqlamada isə bildirib ki, hazırda qara bazar mövcud olsa da, o, əvvəlki aktivliyini itirib və bu gün üçün bazarlarda passivləşmə müşahidə edilir.