AZAL prezidenti Şüvəlandakı 7 hektarlıq şəxsi zooparkında hər növ ekzotik heyvanlar saxlayır; baş aviatorun ördəkləri üçün Afrikadakı bataqlıqlardan təyyarə ilə xüsusi su və palçıq daşınır
Əhalisinin çoxunun ehtiyac içində yaşadığı Azərbaycanda oliqarx-məmurların inanılmaz eyş-işrət və əyləncələri barədə dəfələrlə deyilib və yazılıb. Amma AZAL prezidenti Cahangir Əsgərovun özünə icazə verdiyi əyləncənin qiyməti sadəcə heyrət doğurur. Bu əyləncə öz dəyərinə görə hətta Milli Bankın sədri Elman Rüstəmovun Bakı ətrafındakı super bahalı qolf meydançasını da kölgədə qoymaq gücündədir. Belə ki, ölkənin baş aviatoru "gərgin işdən" sonra dincəlmək, stress atıb əsəblərini sakitləşdirmək üçün təkcə bir əyləncəsinə 25 milyon xərcləməyə xəsislik etməyib. Söhbət onun Şüvəlandakı şəxsi zooparkından gedir.
Bu məlumat qəzetimizə hakimiyyətə yaxın qaynaqlardan daxil olub. Mənbəmiz həm öz bilgilərinə, həm də yerli mətbuatda dərc olunmuş informasiyalara əsaslanaraq həmin qiymətli heyvanat bağçası haqda danışıb. Onun dediklərindən: "Ekzotik əyləncələrin, uzaq yerlərə, adalara səyahətlərin AZAL prezidentinin zəif yeri olduğu hamıya məlumdur. Onun Şüvəlandakı şəxsi zooparkı da bu aludəçiliyin məhsuludur. Həmin heyvanat bağçası 7 hektarlıq bir ərazidə salınıb. Bu qeyri-adi əyləncə və istirahət məkanının araya-ərsəyə gəlməsinə bir neçə il vaxt və milyonlar sərf olunub. Zooparkın layihəsi Bakıdakı dizayn studiyalarından biri tərəfindən hazırlanıb. Zoopark AZAL prezidentinin istəyi ilə Afrikadakı məşhur milli parkların – Tanzaniya və Keniya milli parklarının, açıq səma altındakı bu bənzərsiz təbiət qoruqlarının landşaft və aurasının eynisidir. Həmin dizayn studiyasının əməkdaşları Afrika təbii-coğrafi mühitinin bir parçasını Şüvəlana köçürmək üçün AZAL-ın çarter reysləri ilə bir neçə dəfə Tanzaniya və Keniya milli parklarına ezam olunublar. Orada müşahidələr apararaq Bakıdakı özəl zooparkı necə qurmağın yollarını öyrəniblər. Təkcə layihələndirmə işlərinə 200 min dollardan çox – 170 min manat vəsait xərclənib. Daha dəqiq desək, Əsgərov həmin studiyaya bu qədər qonorar ödəyib".
Qaynağımızın iddiasına görə, C.Əsgərov parkın yaradılmasına xüsusi diqqət yetirib, tez-tez ora baş çəkərək işlərin gedişatı ilə tanış olub. Onun arzuladığı kimi başa gəlməsi üçün heç nəyi əsirgəməyib. Sonda da səylərinin nəticəsini görüb: "Hazırda bu parkda hər cür qeyri-adi, ekzotik, nadir canlıya, müxtəlif quş və heyvanlara rast gəlmək olar. Onların arasında hətta "Qırmızı kitab"a düşmüş heyvan və quşlar da var".
Qeyd edək ki, bugünlərdə yerli mətbuatda da bu haqda xəbər yayılmışdı. "Qazeta" analitik informasiya mərkəzinin yaydığı o məlumatda deyilirdi ki, başdan-başa yaşıllığın içində olan bu heyvanxananın bir tərəfi Xəzər dənizinə açılır. Həmin heyvanxananın ümumi qiyməti isə 25 milyon dollara yaxındır. Zoopark sahibi istirahət günləri öz yaxınları və dostları ilə ora istirahətə gedir. O da diqqətçəkicidir ki, bu xəbər adıçəkilən mərkəzə Nazirlər Kabinetindəki mənbə tərəfindən ötürülmüşdü. Qaynaq iddia edirdi ki, Əsgərovun zooparkında 4 baş fil, 2 baş zürafə, bir cüt şir saxlanılır.
Bizim qəzeti məlumatlandıran qaynaq isə bunlara əlavə olaraq onu da dedi ki, yazılanlar hələ harasıdır? Orada Tanzaniya və Keniyadan gətirilmiş nadir quş cinsləri, o cümlədən vəhşi Afrika ördəkləri, qızılqaz, qutan da var: "Bu quşlar Şüvəlana gətiriləndən az sonra bir neçəsi tələf olmuşdu. Müayinə zamanı məlum oldu ki, vəhşi ördəklər buranın təbiətinə və burada yediyi yemə uyğunlaşa bilmirlər. Ona görə də parkın çoxsaylı baytarlarından bir neçəsi təcili olaraq Afrikaya göndərildi. Onlar oradan gələndə özləri ilə bir təyyarə dolusu xüsusi su, bataqlıq palçığı və yalnız o bataqlıqda bitən bitkilər gətirib burada nohurlar düzəltdilər ki, quşlar özlərini "evdəki" kimi hiss etsinlər. Afrikadan Şüvəlana vaxtaşırı olaraq belə yüklər daşınır, oradakı vəhşi quşlar üçün maksimum lüks şərait yaradılır. Artıq 4-5 belə təyyarə reysi olub".
Onu da qeyd edək ki, C.Əsgərov da daxil, azərbaycanlı oliqarxların çoxunun Afrikaya, xüsusilə də Tanzaniya, Keniya, Uqanda, CAR kimi ölkələrlə xüsusi "bağlılığı" yaranıb. Oralara tez-tez səyahət edirlər. Səbəb təkcə vəhşi, ekzotik təbiət deyil. "Qara qitə"də həm də saysız-hesabsız almaz mədənləri var…
Bu yazıda səslənən iddialarla bağlı hörmətli Cahangir müəllimin mövqeyini öyrənmək cəhdlərimiz uğursuz alındı. Onun da mövqeyini işıqlandırmağa hazırıq. /musavat.com
Qeyd edək ki, fəaliyyətini dayandırmış  "Realnıy Azerbaydjan" qəzeti Cahangir Əsgərovun şok şəklini yayınlamışdı. Əslində, öz kefindən qalmayan, fəqət təyyarə biletlərinin baha satılması, baqaj və yemək məsələlərində Azərbaycanın imicinə zərbə vuran addımlarını nəzərə alsaq, C.Əsgərov o hərəkəti elə xalqa və dövlətə qarşı edib.
(Yenicag.az)