Millətin heysiyyatı ilə oynamaq olmaz, cənablar!

Çünki ən azından Sizlər bu millətə borclusunuz. Bunu dəfələrlə seçikiqabağı kampaniya dönəmində özünüz səsləndirmisiniz. Təbii ki, seçki ərəfəsində kasıb təbəqəyə işiniz düşür. Seçki bitir, asılacağınız da qalmır. Ondan sonra başlayırsınız kasıb təbəqəylə məzələnməyə-¦ Nə bilim, biri çıxıb deyir ki, filan yeməkləri yeyin, biri ac qalmağı məsləhət bilir. Amma bir daha məlum olur ki, acın toxdan xəbəri olmur.

Hüseynbala Mirələmovun məlum açıqlaması isə ümumiyyətlə, yerinə düşmədi. Birincisi, millət vəkili, ikincisi seyid. Bu titulların daşıyıcısından belə bir açıqlama yanlışdır. Axı, Mirələmovun yediyini bu millətin 70-80 faizi yemir. Deputatsan, heç bilirsənmi ki, seçicilərin var ki, çörəyi nisyə alır? Sən isə səhərlər qara kürü, günortalar"hinduşka", axşamlar da osetirin kababı yeyirsən. Özü də sahibi olduğun "1001 Gecə restoranında. Gündəlik menyusu qeyd etdiyim kimi olan deputatın sözünə diqqət edin: "Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır.

Ən maraqlısı odur ki, Mirələmov sonradan dediklərinin yanlış olduğunu anlayır. Bəlkə də deputat həmkarı Hadi Rəcəbli ona səhvini düzəltməyi məsləhət görüb. Görün, Mirələmov səhəri gün nə deyir:
"Müsahibə verəndə zarafatla dedim ki, "indiki dövrdə xanımlarımızın çoxu fiqura saxlamaq üçün heç nə yemir-içmir. Özü də bir neçə dəfə dedim ki, "bu, zarafatdır. Təəssüf ki, dediklərimin hamısını montaj edərək, ancaq çılpaq yerlərini saxlayıblar. Buna görə də xalqda mənim haqqımda mənfi rəy yaranıb.
Guya zarafat edirmiş. Adama deyərlər ki, ay Mirələmov, məzələnməyə bir məmur filan tapmadın ki, gəlib bu kasıb zümrənin heysiyyatı ilə oynayırsan? Açığı, millət vəkillərini başa düşə bilmirəm. Hərdən danışırlar ki, lal deputat siyahısına düşməsinlər. Amma ildə ayda bir dəfə danışanda da camaatla məzələnirlər. Sonra da əl-ayağa düşüb üzr istəyirlər.
Bəlkə elə susub sakit yerinizdə oturasınız-¦