Vahid Əhmədov: "Əgər manatın məzənnəsi tədricən bazara uyğunlaşdırılsaydı, Mərkəzi Bankdakı 15 milyardlıq ehtiyatımız bu gün sərf olunmamış qalardı"

Milli Məclis "Reklam haqqında" Qanun layihəsini müzakirə edərək qəbul etsə də, hələ də bu istiqamətdə hər hansı bir yenilik müşahidə edilmir. Təəssüf  ki, qanun qəbul edilsə də, ölkənin reklam bazarında nəzərəçarpacaq dəyişiklik yoxdur. Bu və ya digər məsələlərlə bağlı Unikal.org-un suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov maraqlı məqamlara toxunub. 

-Vahid müəllim, artıq "Reklam haqqında" Qanunun qəbulundan müəyyən müddət ötür. Ancaq hələki reklam bazarında hər hansı bir ciddi dəyişikliyin şahidi olmamışıq.
 Yeni qanunun tətbiqi ilə bağlı hansı problemlər var?

- Reklam haqqında qanun qəbul ediləndən sonra Nazirlər Kabineti tərəfindən normativ sənəd qəbul olunmalıdır. Burada bütün tənzimləyici məqamlar öz əksini tapmalıdır. Gec də olsa, belə bir sənəd Nazirlər Kabineti tərəfindən hazırlanır. Hələlik imzalanmayıb. Hazır olduqdan sonra reklam bazarına nəzarət mexanizmi işə düşəcək. Bir neçə gün əvvəl məsələ ilə əlaqədar olaraq özüm Nazirlər Kabineti ilə əlaqə saxlamışam. Sənədi gözləyirik. Görək normativ sənəd nə səviyyədə olacaq. Azərbaycanda reklam bazarında çox ciddi problemlər var. Bu sahədən dövlət büdcəsinə daxilolmalar çox aşağıdır. Sui-istifadə halları mövcuddur. Normativ sənəd hazır olduqdan sonra biz bu işlə çox ciddi məşğul olacağıq. 

- Sizcə, reklam bazarına hansı qurum nəzarəti həyata keçirməlidir?

- Burada ümumilikdə Azərbaycanın reklam bazarından söhbət gedir. Bakı şəhər İcra Hakimiyyətinin bununla bağlı xüsusi departamenti var. Bu qurumun funksiyası reklam bazarına nəzarət etməkdir. Hazırda isə ölkənin reklam bazarındakı biabırçı vəziyyət göz qabağındadır. Reklamın dili, qeydiyyat məsələsi ilə bağlı çox ciddi problemlər var. Ölkəyə gələn hər kəs hiss etməlidir ki, Azərbaycandadır. Ancaq bizdə bütün dillərdə reklam var. Orfoqrafik səhvlər də həddən artıq çoxdur. Düşünürəm ki, yeni normativ sənəd hazır olduqdan sonra  Reklamçılar İttifaqı, Qeyri Hökumət Təşkilatları və .s qurumlarla birgə işləyib Azərbaycanda reklam bazarını inkişaf etdirmək mümkün olacaq. 

- Reklam bazarından təxminən nə qədər vəsait büdcədən yayındırılıb?

- Bizdə olan məlumata görə, ümumi reklam bazarından təxminən 50-55 min manat gəlir  var. Hesablamalara görə, bu 3 dəfə çox olmalıdır. Ancaq Azərbaycanda reklam sahəsindən büdcəyə daxilolmalar çox aşağı səviyyədədir.

- Manatın və dolların məzənnəsində kəskin dəyişiklik gözlənilirmi?

- Bilirsiniz ki, milli valyutamız neftə bağlıdır. Son zamanlar neftin qiyməti 6-7 dollar bahalaşaraq  40 dolları keçib. Mən hesab etmirəm ki, bu, daimi ola bilər. Arzu edərdim ki, daimi olsun. Manatın və dolların məzənnəsi məhz neftin qiymətindən asılıdır. Manat hələlik bazarda öz yerini tutmayıb. Mərkəzi Bank dəfələrlə manatı qoruyub saxlamaq üçün bazara intervensiya edib.  Bu səbəbdən müvəqqəti olaraq vəziyyət hələki belə davam edəcək. Öz real qiymətini tapana qədər manat ucuzlaşmaqda davam edəcək. Ola bilər ki, manatın məzənnəsində çox ciddi problem olmasın. 

-Manatın hansı həddə qədər ucuzlaşa biləcəyini proqnozlaşdırmaq olarmı?

- Əlbəttə, bu neftin dünya bazarındakı qiymətindən asılıdır. Neftin qiyməti 60-70 dolları keçərsə, çox ciddi problem olmayacaq. Neftin qiymətində kəskin azalmalar gedəcəksə, manatın məzənnəsinin kəskin düşəcəyi qaçılmazdır. 

-Mərkəzi Bankın üzən məzənnə siyasətindən imtinası ilə bağlı xəbərlər yayıldı. Bu addım ümumi mənzərəyə necə təsir edəcək?
 
-Üzən məzənnə sistemi avro-dollara "bərkidilmiş" bivalyuta sistemidir. Azərbaycanda üzən məzənnə siyasəti elan edilsə də, istər-istəməz Mərkəzi Bank bazara müdaxilə edir. Manat gec-tez bazarda öz həqiqi qiymətini almalıdır ki, ona müdaxilələr olmasın. Biz bunu çoxdan etməli idik. Əgər manatın məzənnəsi tədricən bazara uyğunlaşdırılsaydı, Mərkəzi Bankdakı 15 milyardlıq ehtiyatımız bu gün qalardı. Yəni, bu ehtiyatı sərf etməyə ehtiyac olmazdı. Proses tədricən tənzimlənməli idi. Mən belə hesab edirəm ki, manat bazar qiymətini almalıdır. 

Söhbətləşdi: Həsən Babayev