İranın İnqilab keşikçiləri korpusunun Baş komandir müavini general Hüseyn Salami yenə ölkəsini dünya dövlətləri ilə üz-üzə qoyacaq açıqlamalarla çıxış edib.

Unikal.org Strateq.az-a istinadən xəbər verir ki, general öz çıxışında İsraili əməlli-başlı təhdid edib. O, nəinki İranın, hətta Livan Hizbullahının belə əlindəki silah gücüylə Təl-əviv üçün ciddi təhlükə yaratdığını bildirərək, deyib: "Hizbullahın 100 min raket ehtiyatı varsa, İranın gücü ondan qat-qat artıqdır. Biz fərqli keyfiyyət və qabiliyyətlərdə raket gücünə malikik. Heç bir güc bizi durdurmaq iqtidarında deyil."

General çıxışında, həmçinin, əsas hədəfi də göstərərək, "yaxında sionist rejimi yerlə yeksan edəcəklərini"  deyib.

Maraqlıdır ki, eyni gündə İsrailə növbəti təhdid bir başqa iranlı general tərəfindən ünvanlanıb. İran Aerokosmik Assosasiyasının komandiri general Əmir Əli Hacızadə ölkəsinin raket gücünün İsraili hədəf aldığını açıq şəkildə etiraf edib, "Raketlərimizin 2000 kilometr mənzilli olaraq hazırlanmasının səbəbi düşmənimiz sionist rejimini (İsrail) etibarlı bir məsafədən vura bilməkdir"-deyib.

Xatırladaq ki, İran İnqilab keçikçiləri tərəfindən dünən həyata keçirilən manevr çərçivəsində "Qədr-H" və "Qədr-F" tipli raketlər sınaqdan çıxarılmışdı. Rəsmi məlumatlarda raketlərin Şərqi Elburz təpələrindən Oman dənizi sahilindəki Mekran bölgəsində əvvəlcədən təyin olunan hədəflərə doğru müvəffəqiyyətlə atıldığı açıqlanmışdı.

Bu sınaqdan sonra ən sərt reaksiyalar İsrail və Fransa yetkililərindən gəlmişdi. Onlar İranın nüvə sazişini pozmaqda ittiham etmiş və məsələni BMT TŞ-na daşıyacaqlarını bildirmişdilər. Açıqlamaların məhz bu reaksiyalardan sonra verilməsi ilk baxışdan cavab təsiri bağışlayır.

Ekspertlər isə son seçkilərdən sonra İnqilab keçikçilərinin bu qədər fəallaşmasını təsadüfi saymırlar. Hesab olunur ki, seçkilərdə ağır məğlubiyyətə uğrayan mühafizəkarlar islahatçı rəqiblərini beynəlxalq dəstəkdən məhrum etmək üçün qəsdən bu cür aqressiv mövqe sərgiləyirlər. Məqsəd onların Qərbə inteqrasiya siyasətinin qarşısını almaqdır.

İranda keçirilən son seçkiləri "səssiz inqilab" kimi xarakterizə etsək, son zamanlar İnqilab keşikçilərinin atdığı addımları anti-inqilabi tədbirlər kimi qiymətləndirmək olar.