Xəbər verdiyimiz kimi Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında yol patrul xidməti əməkdaşlarının sıra baxışını keçirib.

Unikal.org-un məlumatına görə, Alayın akt zalında son 5 ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Müşavirəni açan daxili işlər naziri dövlət yol polisi qurumları əməkdaşlarının sıra baxışının həm də aidiyyəti fəaliyyət sahəsində görülmüş işlərə, mövcud problemlərə bir daha nəzər yetirmək, qarşıda duran vəzifələrin həlli yollarını müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətli olduğunu xatırladıb. Eyni zamanda, bu xidmət sahəsində fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələbləri səviyyəsində qurulmasının daim diqqət mərkəzində saxlanıldığını, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini bildirib.
Daha sonra nazir xidməti fəaliyyətdə hələ də bəzi nöqsan və çatışmazlıqların mövcudluğu qeyd edərək konkret tapşırıq və tövsiyələrini verib.

General-polkovnik Ramil Usubov əməliyyat-xidməti fəaliyyətdə insan hüquq və azadlıqlarının qorunmasının prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, habelə vətəndaşlarla kobud davranan, korrupsiya hüquqpozmalarına yol verən əməkdaşlar barəsində hər zaman ciddi intizam tənbehi tədbirlərinin görüldüyünü nəzərə çatdırıb.

Nazir vətəndaşlarla kobud davranan, korrupsiya hüquqpozmalarına yol verən polis işçilərinə qarşı sərt cəza tədbirlərinin görüləcəyini bildirib.