Unikal.org ölkə.az-a istinadən dünyanın seks-simvolu Merilin Monronun həyatı haqqında məlumatı təqdim edir.
Rəsmi məlumata əsasən, 1926-cı ilin 1 iyun tarixində ABŞ-ın Los-Anceles şəhərində Norma Cin Beyker adlı qız dünyaya gəlir. Qeyd etmək yerinə düşər ki, 1926-cı ildə İngiltərə kraliçası 2-ci Yelizaveta, Fransanın sabiq prezidenti Valeri Jiskar Desten və Kuba lideri Fidel Kastro anadan olub. Qızcığaz gələcəkdə onu hansı sürprizlərin gözlədiyindən xəbərsiz idi. Tale Normanı on milyonlarla qadının içindən seçərək zirvəyə qaldırdı. Norma nəinki Amerikanın, eyni zamanda, bütün dünyanın seks-simvoluna çevrildi. Dünya onu Merilin Monro kimi tanıyır. Aktrisa 1962-ci ildə vəfat etsə də, bu günə qədər də populyarlığını itirmir. Kim idi Merilin? Zirvəyə necə qalxdı? Şöhrətin zirvəsində ikən niyə bu dünyadan köçdü?
Uşaqlığı və evliliyi
Norma Cin atasını tanımırdı. Anası isə 1934-cü ildə psixiatrik xəstəxanaya düşür. Bu hadisədən sonra onun həyatı yetimxanalarda keçir.
1942-ci ildə Norma Ceyms Doerti ilə ailə həyatı qurur.
Gənc cütlük ailə xoşbəxtliyindən uzun müddət həzz ala bilmirlər. Müharibə gedirdi və cütlük Yaponiya və Almaniya üzərində qələbəyə öz töhfələrini vermək istəyirdi. Ceyms ticarət donanmasına yazılır. Onun arvadı isə aviasiya zavodunda işə düzəlir. Əslində əsas məqsəd patriotizm deyildi. Yaşamaq üçün pul qazanmaq lazım idi. Müharibə isə hamıya iş yeri vermişdi. Eyni zamanda, nəzərə almaq lazımdır ki, hərbi sənayedə əldə edilən qazanc digər sahələrə nisbətən daha çox idi.
Norma tez-tez hərbi obyektləri gəzən qəzet müxbirlərinin diqqətini cəlb edir. Fotoqraflar sənaye qurğularının, hərbi texnikanın fonunda qızın fotolarını çəkməyə başlayırlar. Tezliklə onun fotoları qəzet səhifələrini bəzəməyə başlayır. Nəzərə almaq lazımdır ki, hər foto üçün Normaya müəyyən məbləğ pul ödənilirdi.
Karyera pilləkənləri
1945-ci ildə Norma Cin aviasiya sənayesini tərk edərək özünü model biznesində sınamaq qərarına gəlir. Qəşəng bədən ölçüləri və yaraşıqlı sima öz rolunu oynadı. Normanı model agentliyinə qəbul etdilər. Amma o, bu sahədə çox qalmadı. Los-Anceles Hollivud deməkdir, əsas maliyyə axını da orada idi.
1946-cı ildə Norma "20-ci əsr Foks studiyasına işə düzəlir. Onun ilk işi adi, epizodik rollara dəvət edilən statist işi idi. Qız özünə Merilin Monro adını götürdü.
Adətən insanlar yeni nəsə əldə edəndə köhnələri itirirlər. Eyni hadisə Normanın da başına gəldi. Merilin 1946-cı ildə əri Doertidən ayrılır.
1947-ci ildə Norma iki filmə çəkilir. Təbii ki, bu əsas rol olmasa da, uğura doğru ilk addımları sayıla bilər. 1948-ci ildə Merilin iki, 1950-ci ildə isə 5 filmə çəkilir.
İkinci evlilik
Aktrisa 1954-cü ilin əvvəlində yenidən ailə həyatı qurur. Onu əri peşəkar idmançı Co Di Maco idi. Cütlüyün toy mərasimi yanvar ayında baş tutur. Fevral ayında isə aktrisa idmançı əri ilə Yaponiyaya bal ayına yollanır.
Tokioya gedən aktrisa Amerika səfirliyindən Koreyadakı amerikalı əsgərlərin qarşısında çıxış etmək üçün təklif alır. Ərazidə müharibə gedirdi. Kino ulduzunun əsgərlər qarşısında çıxışı onlara ruh yüksəkliyi verə bilərdi. Gənc qadın həmin səfərə razılıq verir. Merilin 4 gün hərbi hissələrə baş çəkir və 9 konsert proqramı ilə çıxış edir.
Qış fəsli olsa da, aktrisa səhnədə nazik paltarda çıxış edir. Nəticədə xəstələnən Merilin əri ilə birlikdə ABŞ-a qayıdır.
Co Di Maco ilə nikah cəmi 9 ay davam edir. Co Merilini həqiqətən sevən yeganə adam idi. Merilin 1962-ci ilin 5 avqust tarixində vəfat edib. Hadisədən 5 gün əvvəl Co ona yenidən evlənmə təklifi edir. Merilinin dəfn mərasimini Co təşkil edir və bu hadisədən sonra bir daha evlənmir. 20 il ərzində beysbolçu həftədə üç dəfə arvadının məzarına gül dəstələri göndərir.
Üçüncü evlilik və böhran
Ərindən boşanan aktrisa 1955-ci ildən dramaturq Artur Millerlə görüşməyə başlayır. 1956-cı ilin iyun ayında cütlük ailə həyatı qurur. Amma 1961-ci ilin yanvar ayında ailə dağılır.
Bu hadisədən sonra aktrisanın həyatında mənəvi böhran başlayır. Merilin alkoqol və narkotik maddələrə meyl edir. Bir çox tanınmış onun yatağından keçir. Deyilənlərə görə, seks-simvol ABŞ prezidenti Con Kennedi və onun qardaşı, ədliyyə naziri Robert Kennedi ilə də intim münasibətlərdə olub.
Mənəvi böhrandan qurtulmaq istəyən aktrisa psixo analitik Ralf Qrinsonun xidmətlərindən istifadə etməyə başlayır. Ralf ona Los-Ancelesdə ev almağı məsləhət görür. Aktrisa məsləhətə qulaq asır və ev alır. Evi qurmaq və mebellə təmin etmək üçün Meksikaya səfər edir. Merilin 1962-ci ilin fevral-mart aylarında Meksikada qalır.
Hava limanında aktrisanı meksikalı jurnalistlər qarşılayır. Fotoqraflar müxtəlif rakurslarda onun fotolarını çəkirlər. Fotolardan birində aktrisanın əynində alt paltarının olmaması açıq-aydın görünür.
Merilin Meksikada FTB-nin nəzərində etibarsız sayılan şəxslərlə görüşür. Görəsən, aktrisanın bu adamlarla nə işi var idi?!
ABŞ-a qayıdan Merilin yenə də narkotik maddə və spirtli içkilərə qurşanır. Çox güman ki, aktrisa yaradıcılıq böhranı keçirirdi. Onu dəstəkləmək, yanında olmaq lazım idi. Co Di Maco Merilinə yenidən evlilik təklif edərək belə bir addım atmaq istədi. Amma beysbolçu gecikmişdi. 5 avqust tarixində Merilinin ölümü cütlüyün münasibətlərinə son qoyur.
Merilin Monronun ölüm xronologiyası
1962-ci ilin 4 avqust tarixindən 5 avqustuna keçən gecədən təxminən 2 ay əvvəl, yəni iyunda baş vermiş hadisəyə nəzər salaq. İyunun 1-i Merilinin ad günü idi. Onun 36 yaşı tamam olur. Ralf Qrinson Los-Ancelesdə deyildi. O, Avropaya işgüzar səfərə çıxmışdı və 5 iyun tarixində aktrisa ilə görüşür.
Ralf ertəsi gün aktrisanı plastik cərrah Maykl Qardinin yanına gətirir. Maykl bu görüşdə Merilinin qorxunc göründüyünü xatırlayır. Saçları dağınıq, gözlərinin altında göyümtül ləkələr var idi. Qrinson isə aktrisanın vanna otağında yıxıldığını bildirir.
Bu iddia kifayət qədər şübhəlidir. Psixoanalitikin aktrisanı döydüyünü iddia etmək daha məqsədəuyğundur. Aktrisa göründüyü kimi, güclü dərmanların təsiri altında olub. Çünki çox nadir hallarda anlaşılmayan, rabitəsiz cümlələr qururdu. Aktrisa burnunun qırılmağından qorxurdu. Amma Merilini diqqətlə müayinə edən həkim belə bir hal ilə rastlaşmadığını bildirir. Bu hadisədən sonra aktrisa bir həftə evdən çölə çıxmır.
Qardın eyni zamanda bildirir ki, Qrinson kifayət qədər qəddar adam idi. O, aktrisaya yaxşı gəlir mənbəyi kimi baxırdı. Bu səbəbdən Merilini psixi pozğunluqdan müalicə etmək onun maraq dairəsində deyildi. Əksinə, psixoanalitik bu psixi böhranı dərinləşdirərək ulduzu özündən asılı vəziyyətə salırdı.
Qrinsonun planlarını beysbolçu Co Di Maco sevgisi ilə poza bilərdi. O, aktrisaya evlilik təklif etdi və 8 avqust tarixinə toy mərasimi təyin edildi. Beləcə, pul kisəsi Qrinsonun əlindən çıxdı.
1962-ci ilin 4 avqust tarixində günorta saat 14:00 radələrində Ralf aktrisanın evinə gedir. Bu vaxt Merilinin mətbuat katibi Pet Nyukomb evdə olur. Sonra Pet çıxıb gedir və Monronu Qrinsonla tək buraxır. Pet saat 16:00-da qayıtsa da, seans hələ başa çatmamışdı.
Tezliklə Merilinin iqtisadçısı Yunis Myurrey gəlir. Saat 19:00-da kişilər evi tərk edərək qadınları tək buraxır. Psixoanalitik aktrisa ilə 5 saat təkbətək vaxt keçirmişdi.
Axşam saat 8 radələrində Co Di Maconun oğlu Doroti Arnold zəng vurur. Onun 21 yaşı var idi. Doroti Merilinlə 15 dəqiqə telefonla danışır. Onlar toy barədə danışırlar. Aktrisanın səsi şən idi.
Sonra Monro bərbəri Sidni Qilyaroff və məşhur məşuqu Xose Balanyosa zəng edir. Axşam saat 9 radələrində Piter Louford ona zəng edir. Piter prezident Kennedinin bacısının əri idi (eyni zamanda aktyor). Onun sözlərinə görə, Merilinin səsi pis gəlirdi. Aktrisa güclə danışırmış. Belə bir təəssürat yaranır ki, seks-simvol hansısa güclü həbin təsiri altında imiş.
Onların danışığı 5 dəqiqə çəkir. Sonra Merilin deyir:"Arvadına, prezidentə və sənə sağol deyirəm. Görüşərik. Sonra isə dəstəyi asır. Louford bir neçə dəfə zəng etmək istəsə də, telefon məşğul olur.
Aktrisanın evində isə aşağıdakı hadisələr baş verir. Səhərə yaxın saat 3-ün yarısı Monronun evində gecələyən Yunis Myurrey naməlum səbəbdən yuxudan oyanır. O, dəhlizə çıxır və aktrisanın yataq otağında işığın yandığını görür. Yunis qapını açmaq istəsə də, qapı içəridən bağlı idi.
Yunis doktor Qrinsona zəng edib baş verənləri danışır. Psixoanalitik qadına uzun bir əşya götürüb həyətə enməyi və yataq otağının pəncərəsini nəfəslikdən aralamağı tapşırır. Yunis pərdəni aralayanda çarpayıda üzü üstə çılpaq uzanmış aktrisanı görür. O, yenə də doktora zəng edir. Qrinson 10 dəqiqədən sonra gəlir və yataq otağının qapısını qıraraq içəri daxil olur. Merilinin nəfəs almadığından əmin olan psixoanalitik aktrisanın həkimi Hayman Engelberqə zəng edir. Saat 4-də hadisə yerinə gələn həkim ölüm diaqnozu qoyaraq polisə zəng edir.
Tapmaca və suallar
Hadisə yerinə gələn polis serjantı Cek Klemmans niyə polisə gec xəbər verdikləri ilə maraqlanır. Qrinson bildirir ki, onlar kinostudiyaya zəng edib icazə almalı olublar. Çünki Merilinin ölümü fanatları arasında narahatlığa səbəb ola bilərdi. Bu izah kifayət qədər absurd və məntiqdən kənardır.
Serjant həkimdən ölüm barədə hansısa ehtimallarının olduğunu soruşur. Psixoanalitik əminliklə özünə qəsd versiyasını müdafiə edir. Amma Merilin heç bir məktub yazmamışdı. Başqa sözlə, toyuna 3 gün qalmış törətdiyi əməli bir parça kağızda izah etməmişdi.
Polis qonşuları da dindirir və onlar heç nə eşitmədiklərini bildirirlər. Merilinin cəsədində heç bir zorakılıq izi yox idi. Buna görə də meyidi morqa göndərirlər. Səhər saat 10 radələrində doktor Tomas Noquçi və Con Mayer meyidi yardılar. Hər iki həkim kifayət qədər təcrübəli idi və əsl qəsdlə imitasiyanı ayırd edə bilirdilər.
1962-ci ilin 10 avqust tarixində Teodor Karfi Merilinin ölüm səbəbini göstərən sənədi imzalayır. Rəsmi məlumata əsasən, Amerikanın seks-simvolu barbituratam həbindən (sakitləşdirici və yuxugətirən dərman) həddən artıq istifadə etdiyi üçün ölüb.
Toksikoloji analiz meyidin qara ciyərində yüksək miqdarda barbiturat maddəsi aşkar edir. Amma Noquçi və Mayner özünə qəsd versiyası ilə razılaşmırdılar. Çünki Merilinin qara ciyərində tapılan maddəni orqanizmə ağız, inyeksiya və klizma vasitəsilə daxil etmək olardı.
Əgər Merilin gecə saatlarında çoxlu həb qəbul etsəydi, barbiturat onun qara ciyəri tərəfindən əmilə bilməzdi. Çünki buna vaxt yetməzdi. Əgər həb iynə vasitəsilə orqanizmə daxil edilsəydi, qanın tərkibində yüksək miqdarda kimyəvi maddə tapılardı. Amma analiz bunu göstərmədi. Bundan başqa meyidin üzərində heç bir iynə izi yox idi.
Amma düz bağırsağı müşahidə edəndə, onun qeyri-adi formada olduğunu görürlər. Həkimin qənaətinə görə, aktrisanın bədəninə dərman klizma vasitəsilə yeridilib. O dövrdə bir çox aktrisa bu üsuldan istifadə edirdi. Çünki klizma gigiyenik sayılırdı və həzmi yaxşılaşdırırdı.
Bəs dərmanı niyə Merilinin orqanizminə yeridiblər? Klizma Loufordun zəngindən əvvəl yəni saat 8.40-8.50 radələrində edilib.
Görünür ki, hadisələr belə cərəyan edib: psixoanalitik yuxu dərmanı kimi xloralqidratdan istifadə edib. Bu dərman xəstədə asılılıq yaratmır. Amma həkim əvvəlcə Merilinə nembutal həbi verib. Nembutal orqanizmdə ciddi asılılıq yaradır.
Bu dərmandan asılı olan Merilin Qrinsonun qadağalarına baxmayaraq 3 avqust tarixində həkimi Engelberqi barbiturat almaq üçün resept yazmağa məcbur edir. Növbəti gün Qrinson aktrisanın vəziyyətində dəyişiklik hiss edir. O, məsələni anlayır və vəziyyəti düzəltmək üçün Merilinə xloralqidrat verir.
Bu informasiya toksikoloji ekspertiza zamanı əldə edilib. Mərhumənin qanında xloralqidrat maddəsi tapılmışdı. Xloralqidratla nembutalın reaksiyası dəhşətli nəticə verir və insanı məhv edir.
Aktrisaya klizma edən şəxs ölümün səbəbkarıdır. Bu Qrinson deyildi, çünki o, Petlə birlikdə çıxıb gedir. Mətbuat katibi də evi tərk edir. Psixoanalitik dostlarının yanına getdiyini bildirir. Amma məsələ burasındadır ki, Qrinson bir dəfə də olsun hansı dostları ilə birlikdə olduğunu deməyib. Görünür, Qrinson Monronun evini tərk etməyibmiş.
Psixoanalitik xloralqidrat iynəsi vura bilmirdi və klizma da qoya bilmirdi. Görünür, o, Yunisin köməyindən istifadə edib. Bu iki şəxsin gözü qarşısında aktrisa dünyasını dəyişib. Onlar onu xilas edə bilməyiblər. Qrinson və Myurrey sadəcə cinayətin izlərini təmizləyiblər.
Serjant Klemmans evə girəndə Yunisin paltar yuduğunu görür. Evdə faciə baş verdiyi halda belə bir işlə məşğul olmaq kifayət qədər təəccüb doğurur. Bu məsələni ancaq bir fikir izah edə bilir. Görünür, Yunis aktrisanın klizma edildiyi döşəkağını yuyurmuş. Bununla da çox ciddi sübutu yox edib.
İkinci məsələ işıq məsələsidir. Aktrisanın yataq otağının qapısı ilə döşəmə arasında qalın xalça var və heç bir halda qapının altından işıq döşəməyə düşə bilməzdi.
Bundan başqa, Yunis iddia edir ki, seks-simvol qapını arxadan bağlayıbmış. Amma Merilinin yaxın dostları da bilir ki, aktrisa heç vaxt qapını bağlamazdı.
Digər iddialar
Merilinin ölümündə Robert və Con Kennedi də günahkar sayılır. Deyilənə görə, guya Kennedinin məşuqəsi olan Merilin onu özü ilə evlənməyə məcbur edibmiş. Aktrisa prezidenti mətbuata intim münasibətlərini danışacağı ilə hədələyirmiş. Eyni zamanda, Merilin Robertlə, yəni mafiya və ədliyyə nazirliyi arasında əlaqə yaradan nazirlə də yatıbmış. Təbii ki, bunlar hamısı böhtandır.
Merilin prezidenti həyatında cəmi dörd dəfə görüb. Cəmi bir dəfə təkbətək qalıblar. O gecə nə etdikləri məlum deyil.
Monro məşhur müğənni Frenk Sinatra ilə yaxın tanış idi. Frenk italyandır. O, məşhur mafiya başçılarının böyüdüyü kvartallarda yaşayıb. Onun atası adi fəhlə olub və mafiya üzvü deyildi. Elə Frenk də mafiya üzvü yox, müğənni oldu.
İtalyan mafiyası Frenklə fəxr edirdi. Bir çox mafiya başçısı onunla qürur duyurdu və tez-tez məclislərdə görüşürdü. Buna görə də Sinatranın Merilini mafiya oyunlarına cəlb etməsi və Robertin qucağına atması barədə iddialar sadəcə axmaqlıqdır. Çünki Robert həmin dövrdə "FTB şefi Edqar Quverlə qatı düşmən idi. Buna görə də, belə bir hadisə olsaydı, "FTB o dəqiqə reaksiya verərdi...