"İdmanın inkişafını bundan sonra da diqqət mərkəzində saxlayacağam. Azərbaycan güclü idman dövləti kimi tanınır. İdman uğurlarımız parlaqdır"

Unikal.org-un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev MOK-da 2016-cı ilin idman yekunlarına həsr olunmuş mərasimdə deyib.
Dövlət başçısı bildirib ki, bunu son illərdə Yay Olimpiya Oyunlarında qazanılan medalların sayından da görmək olar: "İdmançılarımız beynəlxalq yarışlarda uğurlar qazanıb. 2016-cı il Azərbaycanın idman tarixində xüsus yer tutub. Biz Rio Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanmışıq. Bu oyunlarda 200-dən çox ölkə iştirak edirdi. Medalların sayına görə bu ölkələrin sırasında Azərbaycan 18-ci idi. Bu, böyük tarixi qələbədir. Bu, həm idmançılarımızın gücünü, həm də eyni zamanda dövlətimizin gücünü gəstərir. Çünki inkişaf etmiş güclü dövlətlərdə idman da inkişaf edir. Biz Avropa ölkələri arasında 7-ci yerdəyik. Dünya miqyasında medalların sayına görə 14-cü yerdəyik. MDB və postsovet məkanında 2-ci, müsəlman aləmində isə 1-ci yerdəyik. Parlaq qələbə münasibətilə idmançılarımızı, məşqçiləri, bütün idman ictimaiyyətini təbrik edirəm"