Bəzi dövlət qurumlarının əməkdaşlıq etdikləri şirkətlərlə bağlı böyük müəmma!
2015-ci ildə Azərbaycanda çox sayda tenderi yeni yaradılan şirkətlər qazanıblar. Bu Qaynar.info-nun satınalmalarla bağlı rəsmi reyestr əsasında apardığı araşdırma nəticəsində məlum olub.
Yenə 2015-ci ildə yaradılan "ATLAS-2015" adlı MMC isə yaradıldıqdan sonra Müdafiə Nazirliyinin (MN) və digər dövlət qurumlarının satınalmalarında aktiv iştirak edib və qalib gəlib. Məsələn:
- MN-nin Hərbi Tarix Muzeyi üçün dəftərxana və təsərrüfat xərclərinə aid malların satın alınması - 6 000 manat;
- Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu üçün mətbəə xərcləri üzrə satınalmalar - 11 000 manat;
- Dəftərxana ləvazimatları və təsərrüfat xərcləri üzrə satınalmalar - 21 000 manat.
Səhiyyə Nazirliyinin Goranboy Rayon Mərkəzi Xəstəxanasının ötənilki yüz minlərlə manatlıq tenderlərini də məhz 2015-ci ildə yaradılan şirkətlərin qazandığı onların adlarından görünür:
- Turan M-2015 MMC: Digər maşın və avadanlıqların satın alınması məqsədi ilə 77 900 manat;
- El-sun 2015 MMC: Bərk inventarların satın alınması məqsədi ilə - 80 960 manat;
- Turan M-2015 MMC: Yumşaq inventarların satın alınması məqsədi ilə - 39 250 manat.
Təhsil Nazirliyi Göygöl Rayon Təhsil Şöbəsinin "Digər maşın və avadanlıqların satın alınması" məqsədilə keçirdiyi tenderin qalibi olan "Miraj 2015" MMC də yaradıldığı il 64 600 manatlıq tender əldə edib.
Müdafiə Nazirliyi Mənzil İstismar şöbəsi kondisionerlərin satın alımasını elə ötən il yaradılan "Fortune İN 2015" adlı firmaya həvalə edib və bu məqsədlə 49 min manata yaxın vəsait ödəyib.
Mədəniyyət və Turizm Nazirliyi Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsinin "Əsaslı təmir işlərinin satın alınması" məqsədilə keçirdiyi və dəyəri 26 737 manat olan tenderi, eləcə də "Cari təmir işlərinin satın alınması" məqsədilə təşkil olunan və dəyəri 39 978 manat olan müsabiqəni isə ötən il yaradıldığı yenə adındanca bəlli olan "NM-2015" adlı firma qazanıb.
Qeyd edək ki, yuxarıdakı nümunələr bu cür faktların çox az bir qismini təşkil edir. Dərin araşdırmalar belə şirkətlərin yüzlərlə, onlara verilən sifarişlərin ümumi dəyərinin isə milyonlarla manat olduğunu üzə çıxarardı.
Qeyd edək ki, yeni yaradılmış hər hansı şirkət və ya firmaya böyük rəqəmlərlə ifadə olunan sifarişlərin ayrılmasına qanun icazə vermir. "Dövlət Satınalmaları haqqında" Qanunda göstərilir ki, iddiaçılar satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində peşəkar fəaliyyətləri barədə düzgün məlumat verməlidirlər.
Tender iştirakçıları üçün Metodiki Təlimatda isə tenderdə iştirak etmək istəyən son üç il ərzində yerinə yetirdiyi tikinti işlərinin ümumi dəyəri haqqında illər üzrə məlumat verməlidirlər. Bununla yanaşı yenə son üç il ərzində xüsusiyyətinə və həcminə uyğun analoji işlər üzrə təcrübəsi, həmçinin hazırda görülən işlər, qüvvədə olan müqavilələrin öhdəlikləri və buna dair ətraflı məlumat almaq üçün səlahiyyətli şəxslər haqqında illər üzrə məlumatı çatdırmalıdırlar. Eləcə də son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı təqdim etməlidirlər.
Göründüyü kimi ən azı üç il təcrübə, bir illik də maliyyə fəaliyyəti barədə hesabat istənilir. Amma təəssüf ki, Azərbaycanda dövlət satınalmalarından külli miqdarda pay alan şirkətlərin və firmaların böyük hissəsi qanunvericiliyin məlum tələblərinə cavab vermirlər, onların çoxu bu payı yaradıldıqdan qısa müddət sonra əldə edirlər.
Üstəlik, bəzən hətta milyonlarla manatlıq tenderləri udan şirkətlərin keçmişi və iş təcrübəsi gizli saxlanılır, bu barədə hər hansı məlumat əldə etmək mümkün olmur. Bu isə əksər hallarda həmin müəssisələrin bəlli məqsədlərlə, "tezbazar" yaradıldığını söyləməyə əsas yaradır.
Nəticədə büdcə vəsaitləri kimlərinsə, obrazlı desək, "qaz vurub qazan doldurmasına" xidmət edir.
Toğrul Əliyev