Unikal.org azərtac-a istinadən dünya xalqlarının prezidentlərinin ölkə başçımıza ünvanladığları məktubları təqdim edir:

Fransa Respublikasının Prezidenti Fransua Olland Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək dərinləşən və inkişaf edən ikitərəfli əlaqələrimizin əhəmiyyətini vurğulamaqdan məmnunluğumu bildirirəm. Mən, həmçinin əldə etdiyimiz gözəl nailiyyətlərə görə sevinirəm. Sizin böyük dəstəyinizlə bu il sentyabrın 15-də Bakıda açılan Fransız-Azərbaycan Universiteti buna bir nümunədir. 

Sonda Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və davamlı həllinin tapılmasında Fransanın və şəxsən mənim öhdəliyimin olduğunu bir daha diqqətinizə çatdırıram. 

Cənab Prezident, Sizə bəslədiyim çox yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.

Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Dünyada Sizi ən çətin məsələləri həll etməyə qadir olan təcrübəli və əsl peşəkar siyasi xadim kimi tanıyırlar. Siz hörmətli atanız Heydər Əlirza oğlunun siyasətini davam etdirərək ali dövləti vəzifədə fədakarcasına Vətənin və xalqın rifahına xidmət edirsiniz.

Bu gün Azərbaycan sosial-iqtisadi və mədəni sahələrdə dinamik inkişaf edir. Sevindirici haldır ki, Siz öz fəaliyyətinizdə respublikada millətlərarası və dinlərarası sülhün dəstəklənməsinə də böyük önəm verirsiniz.

Əminəm ki, dövlət hakimiyyəti ilə Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyasının cəmiyyətdə vətəndaş həmrəyliyinin qorunub saxlanmasına və ənənəvi mənəvi-əxlaqi dəyərlərin bərqərar edilməsinə yönələn səmərəli qarşılıqlı fəaliyyəti daha da möhkəmlənəcək.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, mənəvi rahatlıq, bütün xeyirxah işlərdə və təşəbbüslərdə uğurlar diləyirəm".

X X X

Rusiya Notariuslar Assosiasiyasının sədri, professor Natiq Ağamirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Çox hörmətli cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Rusiya Notariuslar Assosiasiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edim. Sizə möhkəm cansağlığı, şəxsi səadət və doğma Azərbaycanın rifahı naminə yeni-yeni nailiyyətlər arzulayıram.

Bu gün dünya birliyinin mürəkkəb siyasi və iqtisadi proseslərlə üzləşdiyi bir vaxtda Sizin rəhbərlik etdiyiniz Azərbaycan Respublikası ölkənin iqtisadi və mədəni inkişafı, müstəqilliyinin və beynəlxalq nüfuzunun güclənməsi əsasları üzərində möhkəm dayanan sabitlik adasıdır.

Ölkədə aparılan islahatlar tarixi Vətənin hüdudlarından kənarda yaşayan azərbaycanlıların ürəyində nikbinlik və qürur hissləri doğurur. Buna görə də biz Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qürur hissi ilə qeyd edirik. Həmvətənlərimiz bu əlamətdar gündə Sizin Azərbaycan Respublikasının tərəqqisinə və inkişafına yönəlmiş fəaliyyətinizi hərtərəfli dəstəklədiklərini böyük ruh yüksəkliyi ilə bəyan edirlər.

Möhtərəm İlham Heydər oğlu, icazə verin, Sizi bir daha doğum gününüz münasibətilə təbrik edim və çox şərəfli fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər diləyim.

Qoy, qarşıdan gələn Yeni 2017-ci il Sizə və bütün Azərbaycan xalqına sülh, firavanlıq və xoşbəxtlik bəxş etsin".

X X X

Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq Rəssamı Tahir Salahov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Möhtərəm Prezident, əziz İlham Heydər oğlu.

Sizi - Azərbaycan xalqının hamı tərəfindən qəbul edilmiş liderini, görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əlirza oğlu Əliyevin ideyalarının layiqli və ardıcıl davamçısını səmimi qəlbdən təbrik edirəm.

Sizin parlaq zəkanız, siyasi istedadınız, strateji təfəkkürünüz, insanlara qayğınız, ənənələrin qorunub saxlanılmasına, elm, mədəniyyət və incəsənətin inkişafına diqqətli və həssas münasibətiniz suveren Azərbaycanı yeni tarixi səviyyəyə yüksəldib.

Ən xoş arzularımı qəbul edin. Sizə və bütün istedadlı ailənizə möhkəm cansağlığı, uzun ömür, firavanlıq və səadət diləyirəm.

Mənə və yaradıcılığıma şəxsi münasibətinizə, xalqımızın mənəvi mədəniyyətinə misilsiz töhfələrinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm".