Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli terrorçunun şəxsi təşəbbüsünün nəticəsi olmayıb, hücum əvvəlcədən planlaşdırılıb.
Unikal.org-un "Anadoluya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə DİN rəhbəri Süleyman Soylu bildirib.
"Biz terrorçunun ölkənin daxilində və xaricindəki əlaqələrini müəyyənləşdirməyə çalışırıq. İstintaqın hazırkı mərhələsində qatilin FETÖ ilə əlaqəli olduğu dəqiq müəyyənləşib. Sui-qəsd qatilin şəxsi təşəbbüsünün nəticəsi deyil, terror aktı əvvəlcədən planlaşdırılıb, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, istintaq terror aktının çox mühüm təfərrüatları ortaya çıxarıb, lakin bu detallar hazırkı mərhələdə istintaq sirridir və onları indidən ictimailəşdirmək düzgün olmazdı. Nazir istintaqın rusiyalı ekspertlərlə birgə aparıldığını qeyd edib.
DİN rəhbəri qeyd edib ki, parlament seçkilərindən sonra, 2015-ci ilin iyununda törədilən terror aktları və Rusiya diplomatının qətli biri-biri ilə əlaqəlidir və vahid planın tərkib hissəsidir.
"PKK, FETÖ və İŞİD terrorçuları sadəcə böyük bir oyunda alətdirlər. Səfirin qətli Yaxın Şərqdə sülhün bərqərar olmasının qarşısını almağa çalışan qüvvələrin fəaliyyətinin nəticəsidir. Türkiyə və Rusiya bu cür tələlərə düşməyəcəklər. Moskvanın nümayiş etdirdiyi siyasi iradə bunu təsdiqləyir və bizə inam verir. Mən bir daha dost Rusiya xalqına başsağlığı verirəm, - deyə nazir qeyd edib.