Bu gecə Soçidən Suriyaya uçarkən qəzaya uğrayan və Qara dənizə düşən təyyarədə olan jurnalistlərdən bəzilərinin kimliyi müəyyənləşib.
Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, "TU 154 markalı sərnişin təyyarəsində hərbçi və musiqiçilərlə yanaşı 9 jurnalist də olub və onlar "ORT və "Zvezda telekanalının əməkdaşı olub. Artıq "ORT telekanalının Suriyaya ezam edilmiş əməkdaşlarının adları müəyyənləşib. Bunlar Dmitri Runkov, Aleksandr Soydov və Vadim Denisovdur.
Bu arada Rusiyanın Müdafiə Nazirliyi göyərtəsində ekipajla birgə 92 nəfərin olduğu təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işinin başlandığını açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına görə, artıq həlak olan şəxslərdən birinin meyiti tapılıb. Təyyarə dənizin 57 metr dərinliyinə düşüb və axtarış-xilasetmə tədbirləri davam etdirilir. Nazirlik həmçinin bəyan edib ki, hadisə terror aktı deyil və uçuş qaydalarına düzgün əməl edilməməsi ucbatından baş verib.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dimitri Peskov isə jurnalistlərə açıqlamasında deyib ki, Putin hadisənin tam mənzərəsini öyrənmək üçün müdafiə nazirini təlimatlandırıb: "Müdafiə naziri Sergey Şoyqu hər dəqiqə prezidentə son vəziyyətlə bağlı məruzə edir və prezident Vladimir Putin axtarış-xilasetmə tədbirlərinə, qəzanın baş vermə səbəblərinin müəyyənləşdirilməsinə şəxsən nəzarət edir".