Ölkəsinin qətlə yetirilmiş səfirini "qəhrəman mükafatına layiq görərkən Putinin qərərını təəccüblə qarşılayan opponentləri qoy ayrı hesabların üzərində olsunlar.Əvəzində diplomatını iki dövlət arasında hərbi-siyasi ittifaq yaratmağa çalışarkən və Suriyada axan qanı durdurmaq üçün sülh təşəbbüsləri yolunda çarpışaraq "döyüş postunda itirən Moskva Andrey Karlovu Hələbdə vuruşan silahlı döyüşçülərindən ayırmamaqda tam haqlıdır.
Unikal.org xəbər verir ki, millət vəkili Zahid Oruc Putinin Suriya ilə bağlı mövqeyini dəyərləndirərkən bu fikirləri səsləndirib.
Əsəd əleyhinə baş qaldıran və 600 mindən artıq insanın qətliamına,10 milyondan çox-yəni,əhalinin tam yarısının doğma evlərindən didərgin düşməsinə səbəb olan müharibənin durdurulması üçün üç dövlətin-Rusiya,Türkiyə və İranın xarici işlər,həmçinin müdaifə nazirlərinin görüşü tarixi əhəmiyyət daşımaya bilməzdi. O üzdən yeni yaranan ittifaqın məhək daşlarına tökülən qanların Yaxın Şərqdən qaynaqlaqdığını sübut etməyə ehtiyac yoxdur. Hərdən adama elə gəlir ki, böyük qitələri əhatə edən transmilli neft kəmərləri ilə yerin sərvəti deyil,insanların qanı axır.
Son 5 ildə müxtəlif Avropa paytaxtlarında terror əleyhinə koalisiyalar quran Birləşmiş Ştatların müttəfiqlərindən biri-Ankaranın NATO blokundan ayrı qərar verməsi təkcə son illərin hadisələrinə bağlı deyil. Obamanın özündən sonra qoyduğu miras ağırdır.
Fakitiki olaraq,Vaşinqtonun siyasi rejimlərin dəyişdirilməsinə yönələn inqilab ssenarisi ərəb coğrafiyasını aşıb onun strateji partnyorlarının sərhədlərinə doğru irəlilədikcə ənənəvi birliklər və qardaşlıqlar da pozulmağa məhkum idi.15 iyuldan sonra Türkiyənin hakim partiyasını və onun liderlərini Ağ Evin ətrafında saxlamaq mümkün deyildi. Ərdoğan onu devirmək istəyən Qərbdən üzünü çevirərək Avrasiya qitəsində yeni tərəfdarlar axtaranda təkcə hakimiyyətin dayanıqlığını deyil, avroçinovniklərin onun ölkəsini aşağılamasından və davamlı regional təhlükələrdən xilas üçün çalışdığına tam inanırdı.Ədalət və inkişaf partiyasının liderini Atatürk ideallarına,yaxud Atlantik dünyasının maraqlarına xilaf çıxmaqda qınayanlara Avropa Birliyinin üzvlüyü yolunda gedilən əzablı yolu xatırlatmağına dəyməz,ona görə də ittihamlar Ankaranı yeni dayaqlar axtarışından çəkindirmək gücündə deyil.
Rusiya islam inqilabından sonra İranın hərbi bazalarından istifadə edərək,ağır bombaları qırıcı təyyarələri vasitəsilə düşmən hədəflərinə vuran ilk dövlət oldu.Xəzər dənizi üzərindən əməliyyatlar da rusların böyük coğrafiyalarda uğura qadir olduğunu nümayiş etdirdi.Halbuki İncirlikdə ruslara yer verməyən Qərb koalisiyasının İŞİD əleyhinə fəaliyyəti strateji məqsəd yoxluğundan,həmçinin,yerli əhalinin müdaifəsini qazanmadığından məğlubiyyətlə üzləşdi.Əlbəttə,o vaxtlar və elə indinin özündə də İncirlik hava limanından ruslara kəşfiyyat, logistik və digər yardımlara hüquq tanımayan Türkiyə ötən ilin dekabrında məlum Su-24 təyyarəsıni vurmaqla Qərbin avantürist planlarına daha çox kömək göstərərək öz vəziyyətini də ağırlaşdırdı və indi sərhəddi yaxınlığında keçirdiyi hərbi müdaxilə tədbirlərini ən azı bir il gecikdirdi.
Əvəzində İran Rusiya ilə birgə əlverişli şərtlərlə böyük sülh danışıqlarına bel bağlayır.Əsədin müdafiəsində kəşfiyyat,milis və məhdud ordu qüvvələri ilə iştirak edən Tehran sünni rejimlərindən ona gələn təhlükənin qarşısını xeyli ala bilib. Üstəlik, Livana daimi çıxışını təmin edən bölgələrə nəzarəti gerçəkləşdirmək mümkün olub.İndi Rusiyanın Hələbdəki qələbəsindəki xüsusi pay sahibi kimi onun da əsaslı iddialarla çıxış etməyə haqqı var.
Ona görə də Putin ikinci dünya müharibəsindən qalib çıxan Stalinin sərkərdərlik qabiliyyəti ilə bərabər, diplomatiya marşalı kimi sülh prosesini də uğurla davam etdirməsinə baxaraq, inamla hərəkət edə bilər. Onun Astanaya təyin etdiyi "Böyük Sülh razılaşması sammiti həmin planın zirvəsi hesab olunur.
Ona görə də Nazarbayev qlobal oyuna paytaxt seçilən Astanın tarixi şansına,həm də təhlükələrinə hazırlığa başlayıb.Axı bəzən sülhə və barışığa gedən yolları minalayır,yaxud körpüləri yandırırlar.Bəs,məzhəb davasına qalxmış və qara bayraqlı xilafət qurucuğu ideyası ilə dünyanı qorxutmuş dini cihadçıları barışdırmaq planı baş tutacaqmı? Açıq desək,Suriya üçün beynəlxalq şərtlər heç vaxt indiki qədər münbit olmayıb.Putin xristian dövlətinin başçısı olaraq böyük bir sivilizasiya qarşısında misli görünməmiş bir missiyanın növbəti partiyasını oynamağa başlayıb.Onun qatılacağı görüşün liderlərinin hamısı müsəlmandır-Ərdoğan,Nazarbayev,Ruhani.Bəs Suriyanı orada kim təmsil edəcək?Yaxud,Türkiyə lideri Əsədlə bir masada əyləşməyə razı olacaqmı?
Cihad fətvasını durdurmaq üçün Suriya üçün hansı yeni libas biçiləcək?Konstitusiya islahatları vasitəsilə silahlı mübarizəni durdurmaq mümkün olacaqmı?Bunlar artıq növbəti ilə daşınan suallardır.
İŞİD-in varlığına son qoyulması müqabilində ətraf regionlarda qara bayragın enişini islamın qürubu kimi qəbul edənlərin sırasında Türkiyənin də adının olması ikiqat vahimə yaradır.Nə qədər ağır olsa da deməliyik ki,terrorçu sünni radikal hərəkatların,o cümlədən,İŞİD-in simpatiyaçıları burada 8/100-i təşkil edir.Say etibarilə 300 mindən artıq insanın-fikri,ideyası yalnız dinlə dünyanı dəyişcəklərinə inanan kütlənin Atatürkün qoyub getdiyi modern bir cəmiyyətdə həzm olunması asan baş tutmayacaq.
Astana 5 müsəlman ölkəsinin din müharibəsindən qurtulması üçün Putinə tarixi fürsəti verəcəkmi?Hansı müxalif qüvvələr Əsədlə üzə-üzə görüşə gələcəklər?Bəs okeanın o tayından müharibəyə xərclənən 3 trilyon dolların müqabilində Astanaya alternativ sülh konfransı çağıraraq monarxiya paytaxtlarından birini Suriyaya növbəti hökmün ünvanına çevirəcəklər?Hər biri ayrılıqda böyük suallardır.
Lakin bir həqiqət ortadadır-Suriyadakı axan qanı durduran şəxs ərəb dünyasının yeni mənəvi-siyasi lideri olacaq!Coğrafi uzaqlığından və dini mənsubiyyətindən asılı olmayaraq!