"Baxın, rüşvətxor, korrupsioner məmurlara səslənirəm! Əgər əməllərinizdən əl çəkməsiniz, sizi vertolyota oturdacam, sonra da Manila yaxınlığında aşağı atdıracağam. Bunu əvvəllər etmişəmsə, niyə indi yenə etməməliyəm?!"
Filippin prezidenti Rodriqo Duterte bu sensasion açıqlama ilə Cənubi Kamarines əyalətində çıxış edib.
Philippine Star bildirir ki, R.Duterte daha sonra etiraf edib ki, Çin vətəndaşını oğurlamaqda şübhəli bilinən insanı vertolyotdan atıb.
"Bu şərəfsiz, ləyaqətsiz insan girov götürdüyü adamın ailə üzvlərindən və qohumlarından pul tələb edirdi. Onlar pulu versələr də, girovu qəddarcasına öldürdülər. Bu hadisə mən Davaro şəhərinin meri olanda baş vermişdi", - R.Duterte deyib.
Bu ayınəvvəllərində Filippin prezidenti etiraf etmişdi ki, Davaro şəhərinin meri olanda ağır cinayətlərdə və qətllərdə suçlanan adamları şəxsən öldürüb: "Bu minvalla polisə göstərirdim ki, cinayətkarlarla necə mübarizə aparmaq gərəkdir".
20 il Davaro şəhərinin meri olmuş Rodriqo Dutertebu yay Filippin prezidenti seçilib. Hakimiyyətə gələndən sonra Duterte ölkədə narkomafiya ilə mübarizəyə başlayıb. Bu kampaniya çərçivəsində ən azı 5 min insan həlak olub. 2086 nəfər narkotacirlərə qarşı keçirilən əməliyyatlarda, 3 mindən artıq insan isə naməlum şəraitdə qətlə yetirilib.
BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Rəad əl Hüseyn Filippin prezidentinin açıqlamaları ilə bağlı rəsmi tədqiqatı tələb edəndə isə Duterte onu "idiot" adlandırıb.
Filippin sakinləri R.Duterteni dəstəkləyirlər. Maniladakı "Social Weather Stations" statistika agentliyinin açıqlamalarına görə, respondentlərin 63 faizi dövlət başçısının daxili siyasətini bəyənir.