Rio-de-Janeyroda itkin düşmüş Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridisin meyiti tapılıb.
Unikal.org TASS agentliyinə istinadən xəbər verir ki, ekspertiza qalıqların diplomata aid olduğunu təsdiq edib.
Braziliya polisi səfirin həyat yoldaşı və daha 3 nəfəri qətldə günahkar hesab edir. Onların həbsi barədə order istənilib.
Məlumata görə, təhqiqatçılar səfirlə həyat yoldaşının qaldığı evdə qan izləri aşkar ediblər. Ehtimal edilir ki, K.Amiridis məişət zəminində qətlə yetirilib və daha sonra onun meyiti binadan çıxarılaraq icarəyə götürdüyü avtomobildə gizlədilib.
Qeyd edək ki, səfirin itkin düşməsi barədə məlumat dünən yayılıb. Sonuncu dəfə diplomat həftənin bazarertəsi görünüb.
Yunanıstan səfirliyi Braziliyanın paytaxtı Braziliada yerləşir. Səfir isə Rio-de-Janeyroya yeni il tətilini keçirməyə gedib.