Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Bərdə rayonu Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən və Tərtərçay üzərində yerləşən avtomobil körpüsü "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yüksək keyfiyyətlə yenidən tikilərək yerli sakinlərin istifadəsinə verilib.
Bu barədə Unikal.org-a "Azəravtoyol" ASC-dən verilən məlumatda bildirilir.
Müasir tipli yeni körpünün istismara verilməsi münasibəti ilə keçirilən tədbirdə "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri, həmçinin rayon rəsmiləri və kənd sakinləri iştirak ediblər.
Tədbirdə cıxış edənlər qeyd ediblər ki, Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən dəmir konstruksiyalı avtomobil körpüsü 1981-ci ildə inşa edilib. Körpünün uzunluğu 35 metr, eni isə 4 metr idi. Körpü istismar müddətini başa vurduğu üçün xeyli müddətdir ki, qəzalı vəziyyətdə idi.
Nəticədə illərdir ətraf kəndlərin sakinlərinin rayon mərkəzi ilə əlaqəsi xeyli çətinləşmişdi. Avtonəqliyyat vasitələri rayon mərkəzindən kəndə və geriyə hərəkət etmək üçün əlavə 20 km-də artıq məsafə qət etməli olurdular.
Bütün bunlar nəzərə alınaraq "Azəravtoyol" ASC tərəfindən sözügedən körpünün əsaslı şəkildə bərpası işlərinə başlanıldı.
Cəmiyyətin rəhbərliyinin birbaşa nəzarəti altında körpü qısa müddət ərzində yüksək keyfiyyətlə bərpa edilərək Novruz bayramı öncəsi vətəndaşların istifadəsinə verildi.
Əsaslı şəkildə aparılan bərpa işləri zamanı yeni dayaqlar tikilərək, bərkidilib, körpünün üzərinin dəmir konstruksiyalarının qurulması işləri aparılıb. Sözügedən işlər çərçivəsində körpünün eni 4 metrdən 5,5 metrə qədər genişləndirilib. Körpünün kənarlarına dəmir mühəccərlər quraşdırılıb. Görülmüş işlər nəticəsində körpünün yük götürmə qabliyyəti 60 tona qədər artıb.
Bununla yanaşı, körpüyə gələn 1 km-dən artıq yanaşma yollarının asfaltlanması və körpü ətarfında sahil bərkitmə işləri aparılıb, həmçinin baraj bəndi də quraşdırılıb. Bu da körpünün aşırımlarını su yuyulmasından qoruyur.
Yeni körpü əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq, rayon mərkəzi ilə kəndlərin avtonəqliyyat əlaqəsini yaxşılaşdırmaqla bərabər, həmçinin rayonun kənd təsərrufatının inkişafında da mühüm rol oynayacaq.
Qeyd edək ki, yeni körpü 10 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.