Avropa Azərbaycan Cəmiyyəti və "Visions of Azerbaijan" jurnalı yaranmasının 10 illiyini qeyd edir.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, tədbirdə Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov çıxış edib.
"Biz nə qədər uğurlu işlərimiz barəsində danışsaq da deyə bilmərik ki, hədəfə çatmışıq. Azərbaycan hökuməti və prezidentin fəaliyyəti nəticəsində hədəfə çatmaq olar. Biz Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi ilə bağlı həqiqəti bütün dünyaya çadırdıqdan sonra hədəfə çata bilərik. O vaxta qədər biz əzmlə çalışmalıyıq".
Tədbirdə Azərbaycanın hökumət nümayəndələri, millət vəkilləri, ölkənin aparıcı media rəhbərləri, ictimai siyasi xadimlər iştirak edirlər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da çıxış edib. O, dövlətin həyata keçirdiyi siyasətdən danışıb:
"Təkcə dövlətin strukturları və vəsaiti hesabına dövlət qurmaq olmaz. Dövlətin həyata keçirdiyi siyasətə bütün ziyalılar, qeyri-hökumət təşkilatları da qoşulmalıdır".
Əli Həsənov hər kəsin xalqın qayğıları ilə yaşamalı olduğunu qeyd edib:
"Dövlətin əbədiliyini, dünyada özünə layiqli yer tutmasını təkcə dövlətin gücü ilə təmin etmək olmaz. Bunun üçün adi vətəndaşdan tutmuş, rəhbər şəxslərə, alimindən tutmuş tələbələrə qədər, zəhmətkeşdən tutmuş parlament təmsilçisinə qədər - hamımız qollarımızı çırmayıb bu dövlətin, xalqın qayğıları ilə yaşamalıyıq.
Bu gün yubiley mərasiminə toplaşdığımız jurnal və cəmiyyətin təssisçiləri də bu dövlət üçün uğurlu işlər görüblər. Hazırda yubileyinə toplaşdığımız bu təşkilat da vətənə xidmətin nümunəsidir. Tale Heydərov da bu dövlətə uğurlu şəkildə xidmət edir".
Prezidentin köməkçisi Azərbaycanda çıxan digər jurnallar haqda da danışıb:
"Elə bu gün yubileyi qeyd edilən jurnal Azərbaycanın zəngin tarixini, mədəniyyətini, turistik imkanlarını dünyaya təqdim etmək istiqamətində mühüm təbliğat vasitəsidir. Xüsusən son 10 ildə Azərbaycanda bu tip jurnallar geniş yayılıb. Leyla Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən "Baku" jurnalı, Mehriban Əliyevanın rəhbərliyi ilə buraxılan "İrs", Prezident Administrasiyasının iştirakı ilə buraxılan "Azərbaycan qadını", bundan başqa, "Nargiz", "İdea" da bu cür jurnallardandır. Ayrı-ayrı dillərdə təqdim edilən bu jurnallar dünya kataloqlarına da düşüb".
Qeyd edək ki, Tale Heydərov tədbirə ailə üzvləri ilə birgə qatılıb.
Xatırladaq ki, AAC Tale Heydərov tərəfindən 2006-cı ildə Böyük Britaniyada təsis edilən London Azərbaycan Cəmiyyətinin əsasında yaradılıb. Cəmiyyətin Londonda Baş ofisi, Bakı, Paris, Berlin, Brüssel, Strasburq və İstanbul şəhərlərində nümayəndəlikləri fəaliyyət göstərir. On il ərzində Avropa Azərbaycan Cəmiyyəti qərbdə Azərbaycanın müsbət imicinin güclənməsinə xidmət edən platforma kimi genişlənib, Azərbaycanın uğurlarını, anti-Azərbaycan cairələrin apardığı əks təbliğatın əsl mahiyyətini Avropada qeyri-hökumət xətti ilə təqdim edən əsas təşkilatlardan biri kimi formalaşıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycanın haqq işinin müdafiəsinə dəstək təşkilatın fəaliyyətində əsas strateji xətti təşkil edir.
Ötən illər ərzində Avropa dövlətlərinin parlamentlərində və siyasi mərkəzlərində çoxsaylı debatlar, görüşlər keçirilib, parlament petisiyaları təşkil edilib.
Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində hər il Avropanın 30-dan çox şəhərində tədbirlər keçirilir.
Azərbaycanın elm və təhsilinə töhfə verilməsi təşkilatın əsas fəaliyyət istiqamətidir.