"Son vaxtlar Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər dinamik inkişaf edir".
 
Unikal.org-un APA-ya istinadın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında münasibətlərlə bağlı bildirib.
 
N. Məmmədov deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin Aİ rəhbərləri ilə mühüm konfranslarda, forumlarda apardığı danışıqlar, eyni zamanda Aİ rəhbərlərinin son vaxtlar Azərbaycana səfəri və aparılan danışıqlar münasibətlərin dinamik inkişafını nümayiş etdirir: "Azərbaycan müstəqilliyinin ilk illərindən dünyada gedən proseslərdə öz yerini tutub. Azərbaycan Avropa ilə daha sıx əməkdaşlıq prinsipi üzərində öz dövlətçiliyini inkişaf etdirməyi qarşısına məqsəd qoyub və bu istiqamətdə uğurla irəliləyir. Rəsmi Bakının bu münasibətlərdə əsas mövqeyi ondan ibarət olub ki, münasibətlərimiz bərabərhüquqlu, ədalətli olsun, qarşılıqlı hörmət və anlaşma üzərində qurulsun. Belə olmasa, bu əməkdaşlıq uğurlu ola, gələcəyi təmin edə bilməz. Son vaxtlar bu istiqamətdə Azərbaycanla Avropa İttifaqı arasında anlaşma var. Son illər gedən prosesin nəticəsi olaraq ən azı "Şərq tərəfdaşlığı"na üzv dövlətlərin hər biri öz yolunu seçdi. Azərbaycanın öz maraqlarını qorumaq istiqamətində addımlar atdığı və buna nail olduğu üçün Azərbaycanla Avropa İttifaqı arasında müəyyən tərəfdaşlıq, əməkdaşlıq əlaqələrinin inkişafını özündə əks etdirən sənəd üzərində iş gedir. Düşünürəm ki, müəyyən müddətdən sonra bu, həyata keçiriləcək və Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın gələcəyini təmin edəcək. Artıq mənim buna şübhəm yoxdur. Çünki bir müddət əvvəl Avropa İttifaqının xarici siyasət məsələləri və enerji məsələləri üzrə komissarları ölkəmizə gəldilər və münasibətlərin mahiyyəti ilə bağlı öz mövqelərini ortaya qoydular. Tək söz və bəyanatlar deyil, Cənub Qaz Dəhlizi ilə bağlı atılan addımlar da bunu göstərir".
 
N. Məmmədov qeyd edib ki, Azərbaycan-Qərb münasibətlərində müəyyən problemlər olub, bu gün bu problemlərin hamısı aradan qalxmaq üzrədir.