Türkiyənin Adana vilayətində yerləşən "İncirlik" hərbi aviasiya bazasında maksimum səviyyədə döyüş hazırlığı vəziyyəti elan edilib.
Unikal.org anspress-ə istinadən xəbər verir ki, hərbi bazada indiyə qədər ikinci səviyyəli "Charlie" döyüşə hazırlıq vəziyyəti tətbiq edilsə də artıq ilk səviyyəli "Delta" vəziyyəti elan edilib. "Delta" elan edilməsindən sonra hərbi bazada təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılıb.
Ötən həftə sonu bazanın minə yaxın türk işçisi evə buraxılsa da onlar daha sonra işə çağırılıblar. Bunun təlim olduğu hesab edilsə də daha sonra baza rəhbərliyinin daxil olan bir xəbərdarlıq əsasında təhlükəsilik tədbirlərini gücləndirdiyi məlum olub.
Bazanın piyada girişlər üçün nəzərdə tutulan yeganə qapısında nəzarət və təhlükəsizlik həm yerli, həm də Amerika Birləşmiş Ştatları (ABŞ) heyəti tərəfindən təmin edilir. Bazanın şəxsi heyətini daşıyan xidməti avtobus isə hər dəfə giriş-çıxış üçün fərqli qapılardan istifadə edir.
"İncirlik" hərbi bazası 1954-cü ildə Türkiyə Silahlı Qüvvələrinin (TSK) və ABŞ Hərbi Aviasiyasının müştərək istifadəsi üçün istifadəyə verilib. Avropada taktiki nüvə silahlarına sahib olan 6 NATO bazasından biridir.
BMT qərarı ilə İŞİD-lə mçübarizə çərçivəsində yaradılan ABŞ rəhbərliyindəki hərbi koalisiyanın üzvü olan daha 5 ölkə də ötən ilin iyul ayından "İncirlik" hərbi bazasından istifadə edir.