Cəlilabad rayonunda ər arvadına dəhşətli işgəncə verib. Cəlilabad rayon sakini, 1985-ci il təvəllüdlü Əziz Qardaşxanov anasının ölümündə həyat yoldaşını günahkar bilib və buna görə də ona işgəncə verməyə başlayıb. 
Unikal.org teleqraf.com-a istinadən bildirir ki, Əziz Qardaşxanov Aynur Əzizova ilə 2009-cu ildə ailə həyatı qurub. Əziz Qardaşxanov Aynurla ailə qurduqdan sonra onun pis niyyətli olmasını, məhz buna görə də anasının vəfat etməsini əsas gətirərək həyat yoldaşına əzab verməyə başlayıb. Hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verib. 

İşgəncə

Əziz 9 avqust 2013-cü il, saat 22 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndindəki həyətində xırda məişət məsələsini bəhanə edərək həyat yoldaşı Aynur Əzizova ilə mübahisə edib. O, həyat yoldaşını rezin boru ilə döyüb və nəticədə qadının hər iki kürək nahiyəsində 7 ədəd zolaq şəkilli qançırlər əmələ gəlib. 
 
Bundan başqa, Əziz Qardaşxanov anasının vəfat etməsində həyat yoldaşını dəfələrlə günahkar bilib və bir neçə dəfə qadına işgəncə verməklə, onu döyüb. Sonuncu dəfə əri tərəfindən işgəncələrə məruz qalan Aynurun valideynləri polisə şikayət ediblər. 

1 il cəza

Əziz Qardaşxanov Cinayət Məcəlləsinin 133.1-ci (işgəncə vermə) maddəsi ilə ittiham edilib. Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə Əziz Qardaşxanov 1 il müddətinə azadlıqdan məhrum olunub. 

Hökmdən narazı qalan Əziz Qardaşxanov apellyasiya şikayəti verib. Bir müddət əvvəl Əziz Qardaşxanovun apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Hakim kollegiyası onun şikayətini qismən təmin edib və cəzasını 4 aya endirib. 

Amma həmin qərardan Baş Prokurorluq kassasiya protesti verib. Prokurorluğun protestinə Ali Məhkəmədə baxılıb. Hakimlər prokurorluğun protestini təmin ediblər və Şirvan Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək, işin yenidən apellyasiya instansiyasında baxılması barədə qərar veriblər. Bu dəfə apellyasiya şikayəti hakim Amil Dosiyevin sədrlik etdiyi kollegiyasında araşdırılıb. 

"Onu toya getməyə qoymuram deyə..."

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Əziz Qardaşxanov elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşayır: "Aynur Əzizova həyat yoldaşımdır, Xətai Əzizova isə Aynurun anasıdır. Aynur ilə 2009-cu ildə ailə qurmuşam. Birgə nikahımızdan bir övladımız var". 

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 9-da, axşamüstü qaynanası Xətai Əzizova digər qızı Günel Əzizova ilə onun evinə gəlib: "Qaynanam məni və həyat yoldaşımı 13 avqustda keçiriləcək Günel Əzizovanın oğlunun kiçik toy məclisinə dəvət etdi. Mən də əmimin rəhmətə getməsini, eləcə də quran oxuyan adam olduğum üçün toy məclisinə getmədiyimi, ona görə də Aynurun həmin toya gələ bilməyəcəyini, lakin toydan sonra vaxt taparaq ora gedəcəyimizi bildirdim. Xətai və Günel Əzizovalar gedəndən sonra Aynur mənimlə acıqlı danışdı. Mənimlə niyə onu toya getməyə qoymuram deyə mübahisə etməyə başladı. Aynur axşama qədər mənimlə acıqlı davrandı". 

"Əlimdəki qayışla onu vurdum"

Əziz Qardaşxanov qeyd edib ki, axşam vaxtı Aynur Əzizova həyətində olan inəyi sağan zaman bir daha bu işləri görməyəcəyini deyib: "Mən  inəyin buzovunu çəkərək başqa yerə apardım. Bu zaman Aynurun mənə cavab qaytardığına görə əsəbləşdim. Aynuru şillə ilə vurdum. Aynur ağlayan zaman atam Orucəli oraya gələrək Aynura ağlamamasını, evə getməsini məsləhət gördü. Bundan sonra öz otağıma girdim. Səhəri günü həyat yoldaşım yenə də evdə sözə baxmadı. Avqustun 11-də, təxminən saat 9 radələrində inəkləri apararaq kəndin naxır növbəsinə qoşdum və daha sonra evə qayıtdım. Aynurun yenə də evdə heç bir iş görmədiyini gördüm. Buna görə də Aynura iradımı bildirdim. Aynur bildirdi ki, bundan sonra daima belə edəcək. Aynurun bu sözündən əsəbləşərək əlimdəki qayışla onu vurdum və bu hərəkətlərinə son qoymasını bildirdim. Bundan sonra Aynur körpə uşağı götürərək evdən çıxdı və qonşuluqda yaşayan atası evinə getdi. Aynuru rezin boru ilə, eləcə də bel kəməri ilə döyməmişəm, ona əzab, habelə psixi iztirab verməmişəm".
 
"Ailəm dağılmasın deyə polisə şikayət etməmişəm"

Zərərçəkmiş şəxs qismində dindirilən Aynur Əzizova bildirib ki, 3 ilə yaxın müddətdə həyat yoldaşı Əziz Qardaşxanov onunla yola getməyib: "Əziz mənə pis niyyətli adam olduğumu, evinə gəlin gələndən sonra anasının vəfat etdyini deyib. O məni boşamayacağını bildirib. Amma ömrü boyu mənə əzab verəcəyini, pis niyyətli olduğumun ağrı-acılarını daimi yaşadacağını deyərək, pis rəftar edib, hər xırda şeyi bəhanə edərək döyüb. Əziz həmişə məni qorxudub və buna görə də onun hərəkətləri barədə valideynlərimə bir söz deməmişəm. Ailəm dağılmasın deyə polisə şikayət etməmişəm. Lakin buna baxmayaraq Əziz mənə qarşı olan hərəkətlərini davam etdirib".
 
"Atamın evinə qaçdım"

Zərərçəkmişin sözlərinə görə, avqustun 9-da, saat 22 radələrində həyətindəki inəyi sağarkən, onun buzovu yaxşı bağlamadığını bəhanə edən Əziz mübahisə edib: "Əziz məni əvvəlcə yumruğu ilə, sonra da inəkləri sürmək üçün istifadə olunan rezin boru ilə kürək nahiyəmdən bir neçə dəfə vurdu. O məni qorxutduğu üçün bu barədə heç kimə bir söz demədim".

Aynur Əzizova bildirib ki, avqustun 11-də, 9 radələrində Əziz Qardaşxanov inəkləri apararaq kəndin naxırına qoşub və evə gələndən sonra yenə də heç bir səbəb olmadan onunla mübahisə edib: "Həmin vaxt Əziz məni təhqir etdi, sonra da şalvarına vurduğu qayışı açaraq bədənimin müxtəlif yerlərinə, ayaqlarıma vuraraq zolaq şəkill qançır xəsarətləri yetirdi. Bundan sonra körpə uşağımı da götürərək ağlaya-ağlaya qonşuluqda yaşayan atamın evinə qaçdım". 

Tərəfləri dinləyən hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Əziz Qardaşxanovun apellyasiya şikayəti təmin edilib. Cəlilabad Rayon Məhkəməsinin hökmü ləğv edilib və Əziz Qardaşxanovun barəsində olan cinayət işinə xitam verilib.